EN

Zaqatala fındıq zavodunun keçmiş müsavatçı direktorunun aspirant oğlu niyə  həbs edildi?..

“...İclasların birində Musa Abdullayev bildirdi ki, rayonda onun həmfikirləri var. Ona məktub yazaraq xəbərdarlıq edib ki, toyuqlar balalayır. Belə söylədi: “Qaraqoyunlu yazıb ki, toyuqlar balalayıb. Bu o demək idi ki, onun həmfikirləri artıb”…
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              
 
(Əvvəli burada:)
 
“BDU-nun aspirantı Ələsgərov Azər Əbdülxaliq oğlu. 
 
“İldırım” təşkilatı ilə bağlı materialların öyrənilməsi göstərir ki, orada iştirak edən fəal üzvlərdən biri də BDU-nun aspirantı Ələsgərov Azər Əbdülxaliq oğlu olmuşdur.
      
5 noyabr 1948-ci ildə DTN-i tərəfindən 1926-cı il təvəllüdlü, Bakı şəhər sakini, azərbaycanlı, BDU-nun aspirantı A.Ələsgərovun Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73 maddələri ilə təqsirli bilinərək həbs edilməsi haqqında qərar qəbul edilmişdir.
 
“... Azərbaycan SSR DTN-i tərəfindən antisovet millətçi gənclər təşkilatının iştirakçısı kimi həbs edilmiş Rəhimov İsmixan Məmməd oğlunun 18.09.1948-ci il, Zeynalov Hacı Həbib oğlunun 18.10.1948-ci il və Abdullayev Gülhüseyn Hüseyn oğlunun 26.10.1948-ci tarixli ifadələrində göstərilir ki, Ələsgərov Azər Əbdülxaliq oğlu da Bakı şəhəri ali məktəb tələbələri arasında mövcud olmuş antisovet millətçi gənclər təşkilatında iştirak etmişdir. A.Ələsgərov praktik antisovet iş aparıb. Buna görə qərara alıram:  Həbs edlsin və yaşadığı evdə axtarış aparılsın”. 
 
Onun 7 noyabr 1948-ci ildə tərtib edilən anket məlumatında yazılıb: “İxtisası,filoloq, iş yeri Tarix institutu, laborant, partiya üzvlüyünə namizəd. Atası 4 mart 1940-cı ildə vəfat etmişdir; anası Ələsgərova Tutuxanım Əsədulla qızı,1902; Həyat yoldaşı İbrahimxəlilova Fatma Mürsəl qızı,1926; Uşaqları yoxdur; Qardaşı Ələsgərov Əjdər, Ələsgərov Şamil, Ələsgərov Telman, Ələsgərov Tələt; Bacısı Ələsgərova Əminə).
 
Qərara əsasən A.Ələsgərovun evində həyat yoldaşının, qonşusu və DTN-nin işçisinin iştirakı ilə axtarış aparılıb. Axtarış protokolunda evdə pasport, müxtəlif sənədlər, şifoner, nikellənmiş krovat, kostyum, stol, tumboçka, xalça olduğu qeyd edilmişdir.
İstintaq materiallarının içərisində A.Ələsgərovun yaşadığı evə baxan mənzil istismar sahəsinin bu ailə haqqında yazdığı arayış var.
 
Arayışda göstərilib ki, Sovet hakimiyyətinə qədər Kosom dongəsi ev 7-də Ələsgərov Azər Əbdülxaliq oğlunun atası və ailəsi yaşamışdır. Sonra orada 1918-ci ildən 3 dekabr 1948-ci ilə qədər Qavrikov Vasili İvanoviç məskunlamışdı. 
  
Bundan başqa, orada qeyd edilmişdir ki, “Sovet hakimiyyəti qurulana qədər yuxarıda göstərilən ünvanda üç qardaş: Ələsgərov Əbdülxaliq, Ələsgərov İsgəndər və Ələsgərov Ağa yaşamışdır. Onlar Voroşilov rayonu Kosom döngəsi 7 ünvanda olan üç mərtəbəli mülkün sahibi olublar. Evin zirzəmisndə qiymətli qablarla dolu olan böyük anbar olub. Bundan başqa bu qardaşların Mixaylov-Zevin küçəsində üç iri qab-qacaq mağazası olub.
 
Ələsgərov Əbdülxaliq Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər keçmiş müsavatın zabiti olub. Sovet hakimiyyəti dövründə Ələsgərov Əbdülxaliq əmlakı dağıtmasına görə orqanlar tərəfindən həbs olunaraq yeddi il iş alıb, həbsdə ölüb. Ələsgərovun oğlu Tələt cinayətkardır, bir neçə dəfə həbs olunub, axırıncı həbsdə olanda 10 il iş alıb”.
 
İlk istintaq 7 noyabr 1948-ci ildə  12:30-16:30- arasında olub.
 
Müstəntiq əvvəlcə təqsirləndirilənə anket məlumatları haqqında məlumat verib. O, buraya yalnız Sovet Ordusu sıralarında heç bir qohumunun olmadığını əlavə edib. Sonra ona tərcümeyi-halı haqqında geniş danışmaq təklif edilib. 
 
“...Atam Əbdülxaliq 1920-ci ilədək oxuyub, 1920-1928-ci illərdə xidmətdə olub. 1923-cü ildən Azərbaycan Qırmızı Ordusu sıralarında nömrəsini unutduğum hərbi hissədə komandir olub. 1935-ci ildə təqaüdə çıxıb. Sonra Zaqatalada fındıq zavodunda direktor işləyib. 1936-cı ilin avqustunda həbs olunub, beş il iş alıb. Həbsdə olarkən 1940-cı ildə vəfat edib. Anam Ələsgərova Tutuxanım inqilaba qədər evdar qadın olmuşdur. 1928-ci ildən indiyə qədər işləyir.  
 
1934-cü ildə Voroşilov rayonundakı 132 № -li məktəbin I sinfinə getmiş, 1941-ci ildə 7-ci sinfi bitirmişəm. Bundan sonra EA-nın Nizami adına Ədəbiyyat və dilçilik institutunda kuryer işləmişəm. Eyni zamanda Oktyabr rayonundakı 28 №-li orta məktəbin axşam şöbəsində təhsilimi davam etdirmişəm. IX sinfi qurtardıqdan sonra ADU-nun hazırlıq şöbəsinə daxil oldum. Kursu bitirdikdən sonra S.M.Kirov adına ADU-nun şərqşünaslıq fakültəsinə daxil oldum.1948-ci ildə oranı bitirdim.  
Təhsillə yanaşı, Azərbaycan Radio Komitəsində “Son xəbərlər” redaksiyasında ştatlı müxbir işləmişəm. 1947-ci ildə EA-nın Bakıxanov adına Tarix institutunda laborant işinə keçdim. 1948-ci ilin fevralına qədər orada işləmişəm. Oradan təhsillə əlaqədar işdən çıxdım. Həyat yoldaşım İbrahimxəlilova Fatma Mürsəl qızı - ADU-nun Şərqşünaslıq fakültəsini 1948-ci ildə qurtarıb. Onunla 1948-ci ilin iyulunda kəbin kəsdirmişik. Heç bir yerdə işləmir. Onun atası İbrahimxəlilov Mürsəl inqilaba qədər və inqilabdan sonra da fəhlə olub. Sonra milis sistemində işləyib. O, Nuxa şəhərində milis şöbəsinin rəisi olub. Qaynanam işləmir, evdar qadındır.
 
Qardaşım Ələsgərov Tələt 1943-cü ildə cinayət törətdiyinə görə həbs olunub. Partiya üzvlüyünə namizəd idim. 1948-ci ilin fevralında qardaşımın həbsini gizlədiyimə, üzvlük haqqını doğru ödəmədiyimə görə Voroşilov RPK-nın qərarı ilə xaric edildim”.
 
Sonra müstəntiq ənənəvi olaraq yaxın dostları, əlaqəsi olan şəxsləri soruşub. 
 
Cinayət materiallarından aydın olur ki, o elə ilk istintaqda hər şeyi boynuna alıb. Görünür, o, digər yoldaşlarının həbs edldiyini, onların artıq hər şeyi etiraf etdiyini təxmin etmişdi. 
 
“...1. Abdullayev Osman,ADU-nun şərqşünaslıq fakültəsi, tələbə; 2. Zeynalov Hidayət, ADU-nun fəlsəfə fakültəsi, tələbə; 3. Zeynalov Hacı Həbib oğlu; 4. Abdullayev Gülhüseyn Hüseyn oğlu; 5. Rəhimov İsmixan Məmməd oğlu; 6. Abdullayev Musa Məmməd oğlu”.
 
Cavabdan göründüyü kimi ilk iki nəfər istisna olmaqla digərləri təşkilatın üzvləri olmuşdur. Bundan sonra müstəntiq ona “antisovet fəaliyyəti üzrə həbs olunduğunu” bildirib işin mahiyyəti üzrə danışmağı tələb edir.
 
“... Məni ilk dəfə antisovet millətçi ruhda Zeynalov Hacı Həbib oğlu hazırlayıb. 1943-44-cü illərdə mənimlə görüşlərində Azərbaycan gənclərinin müasir vəziyyətindən, onun inkişaf edə bilmək imkanının olmamasından narazılığını bildirib Sovet hakimiyyətinin əleyhinə danışırdı. Təklif etdi ki, onun fikirlərini müdafiə edim. Razılığımı bildirdim. 
 
H. Zeynalov onunla həmfikir olduğumdan əmin olduğu üçün mənə onların evinə getməyi təklif etdi. Həmin gün mən H.Zeynalovun evində oldum. Orada mənə antisovet millətçi gənclər təşkilatının üzvü olmaq təklif olundu. Razılaşdım. Bu vaxtdan mən təşkilatın fəaliyyətinə qoşuldum. Beləliklə, məni antisovet millətçi gənclər təşkilatına Zeynalov Hacı Həbib oğlu cəlb etdi ”.
 
Təqsirləndirilən müstəntiqin sualına cavab olaraq təşkilatın başqa üzvünü tanımadığını, bildiyinin hamısı haqqında danışdığını, əlavəsi olmadığını söyləyib. Müstəntiq onun “antisovet millətçi gənclər təşkilatının üzvü olduğuna görə özünü günahkar hesab edirsənmi” sualına o, “bəli” cavabını verib.
 
Bu istintaqdan təxminən bir həftə sonra, 15 noyabr 1948-ci ildə ikinci istintaq olub.
 
İlk əvvəl müstəntiq ondan təşkilatdakı fəaliyyəti haqqında ifadəsini davam etdirməyi söyləyib. O, təşkilata qəbul edildikdən sonra H.Zeynalovun evində keçirilən iclasda İ.Rəhimovun təklifi ilə təşkilata sədaqət andı içdiyini, andın məzmununu ona İ.Rəhimovun oxuduğunu, iclasda iştirak edən 7 nəfərin adlarını sadalayır. Ondan iclasda başqa hansı məsələlərin müzakirə edildiyi sualına isə o “xatırlamıram” cavabını verib.
 
Suallardan biri təşkilatın neçə iclasının keçirilməsi, orada müzakirə edilən məsələlərlə, onlar haqqında bir-bir məlumat verilməsi ilə bağlı olub. A.Ələsgərov altı iclasın keçirildiyini, ancaq onlardan üçünün yadında qaldığını, bu iclaslarda adətən yeni üzvlər cəlb edilməsi, üzvlük haqlarının vaxtlı-vaxtında verilməsi, azərbaycanlı gənclərin vəziyyəti və s. məsələlərin müzakirə edldiyini söyləyir.
 
Müstəntiq ondan təşkilata yeni üzvlər cəlb edilməsi və maliyyə işləri ilə bağlı kimin çıxış etdiyini soruşduqda o, birinci məsələ ilə bağlı İ.Rəhimovun, ikincisi ilə isə H.Zeynalovun çıxış etdiyini bildirir. Sonra o verilən suala cavab olaraq yığılan üzvlük haqqının “... təxminən min yaxud min yüz rubl” olduğunu söyləyib. 
 
Müstəntiq ondan üzvlərin hər ay üzvlük haqqı kimi nə qədər vəsait ödəməsi sualına o, “50 rubl”, Azərbaycan  gənclərinin vəziyyəti ilə bağlı kimin çıxış etməsinə isə xatırlamıram cavabını verib…
 
(…)
 
18 noyabr 1948-ci ildə müstəntiq təşkilatın təqsirləndirilən digər üzvlər kimi A.Ələsgərova da Sovet hakimiyyətinə düşmən münasibət bəsləməkdə, antisovet millətçi gənclər təşkilatının üzvü olmaqda, ətrafı içərisində antisovet millətçi fikirlər aşılamaqda, bu istiqamətdə iş aparmaqda ittiham edib ona qarşı Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə cinayət işinin qaldırılması ilə bağlı qərar qəbul edir. Qərarın surəti isə Azərb. SSR Prokuroruna göndərilib. 
 
Ertəsi gün müstəntiq onu bu qərarla tanış edərək ittiham olunduğu maddələrin mahiyyətini izah edib ondan “Özünü bu maddələrlə günahkar hesab edirsənmi” deyə soruşub. Cavab “bəli” olur…
 
31 dekabr 1948-ci ildə olan istintaqda müstəntiq əvvəlcə A.Ələsgərovdan əvvəlki ifadələrində təşkilatın bütün üzvləri barədə məlumat vermədiyini və bu səbəbdən qalanları haqqında da danışmağı tələb edib. O, əvvəlcə təşkilat üzvlərini - İ.Rəhimov, G.Abdullayev, H.Zeynalov, K.Əliyev, A.Vahidov və M.Abdullayevin adlarını çəkib. Qəflətən, görünür, istintaqa qədərki “zəhmətin” nəticəsində bir epizodu xatırlayır.
 
“...Bundan başqa xatırlayıram ki, iclasların birində Musa Abdullayev bildirdi ki, rayonda onun həmfikirləri var. Ona məktub yazaraq xəbərdarlıq edib ki, toyuqlar balalayır. Belə söylədi: “Qaraqoyunlu yazıb ki, toyuqlar balalayıb. Bu o demək idi ki, onun həmfikirləri artıb”…
(…)
 
5 fevral 1949-cu ildə müstəntiq A.Ələsgərova verilmiş ittihama təşkilatın digər başqa üzvləri kimi Azərb. SSR CM-nin 21-64-cü maddələrini əlavə edən qərar qəbul edib.
 
Elə həmin gün keçirilən beşinci istintaqda müstəntiq onu bu qərarla tanış edir, verilən yeni maddələrin mahiyyətini başa salır. Ondan “özünü bu maddə ilə günahkar hesab edirsənmi?” deyə soruşub, bəli cavabını alır.
 
Bununla da Azər Ələsgərovun istintaqı başa çatmışdır...”
 
Təqdim etdi:
 
Sultan Laçın
Chosen
21
2
moderator.az

3Sources