EN

Liderlər hazırlıqlıdır: Türkiyə və Azərbaycan Suriya siyasətində birgə addımlayacaq - TƏHLİL

Tezliklə Yaxın Şərq regionunda tam yeni geosiyasi reallıqlar formalaşacaq

 Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaşananlar Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənməkdədir. Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyətlə bağlı bəyanatında bildirib ki, bu çərçivədə qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Vurğulanıb ki, Suriyada Bəşər Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.

Rəsmi Bakı məsələlərin Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə həllini tapacağına ümidvar olduğunu bildirir. Azərbaycan qardaş Türkiyə və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına də töhfə verməyə hazır olduğunu vurğulayır. Suriyada səfirliyimizin mövcud olmamasına baxmayaraq, oradakı Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Təbii ki, Suriyada demokratik və qanuni hakimiyyət bərqərar olduqdan sonra Azərbaycan və Suriya hökumətləri arasında münasibətlər də qurulacaq. Ötən gün Prezident İlham Əliyevin Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla telefon zəngində də Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Söhbət zamanı dövlət başçısı İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Ölkə rəhbəri İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. 


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, 2000-ci ildən bəri mövcud olan Bəşər Əsəd rejiminin süqut etməsi sözsüz ki, bütövlükdə Yaxın Şərq regionunda tam yeni geosiyasi reallıqlar formalaşdıracaq. Professor xatırladıb ki, 2011-ci ildən "Ərəb baharı" start götürdü və prosesi başladan dövlətlərin maraqlarının nədən ibarət olması bəlli idi: 

"Əsas hədəflərdən biri də mühüm geosiyasi nöqtəyə çatmaq idi. Suriyada rejim dəyişikliyi sayəsində Aralıq dənizinə maneəsiz çıxış əldə etməklə böyük coğrafiyaya nəzarəti ələ keçirmək məqsədi güdürdülər. Bu, Qərbin regionla bağlı əsas strategiyası idi. Lakin Bəşər Əsəd rejimini uzun müddət devirmək mümkün olmadı. 13 il boyunca Əsəd vətəndaş müharibəsi fonunda hakimiyyətdə qalmağı bacardı. Eyni zamanda kənar hərbi müdaxilələrin də mövcudluğu fonunda Əsəd rejimi ayaqda qala bilmişdi. Artıq Suriyada hakimiyyət dəyişikliyi prosesi getməkdədir. Reallıq odur ki, Suriyada, ümumiyyətlə, Yaxın Şərq regionunda maraqları olan tərəflər yeni formalaşacaq hakimiyyətlə əməkdaşlıq etməyə hazırdırlar. Əgər regionda yeni geosiyasi reallıqlardan söhbət gedirsə, bu, Cənubi Qafqaz bölgəsinə də təsir göstərəcək. Çünki həmin proseslərdə birbaşa iştirakçı ölkələrlə Azərbaycanın sıx əlaqələri var. Bu mənada qardaş Türkiyəni xüsusi qeyd etmək lazımdır. İran da proseslərin içərisində idi. Bildiyimiz kimi, Suriyanın şimal torpaqlarında müvafiq olaraq Türkiyənin cənub əraziləri boyunca kürd terrorçu qruplaşmaları Türkiyənin təhlükəsizliyinə ciddi təhdidlər yaradırdılar. Xüsusən də ABŞ Türkiyənin təhlükəsizliyinə mövcud təhlükələrin aradan qaldırılması ilə bağlı müəyyən vədlər versə də, onu yerinə yetirməmişdi". 
E.Mirbəşiroğlu bəyan edib ki, Türkiyə-Rusiya-İran üçlü formatında Astana prosesi də başladılmışdı. Astana formatı çərçivəsində müəyyən razılaşmalar əldə edilsə də, bütövlükdə proseslərə ciddi təsir göstərəcək addımlar atılmamışdı: 

"İndi vəziyyət tamam dəyişmiş durumdadır. Əsəd rejiminin devrilməsi regionda münaqişə potensialını nəzərə çarpacaq dərəcədə azalda biləcək. Nəticədə bölgədə yeni geosiyasi münasibətlər sistemi qurulacaq. Azərbaycan Prezidentinin Türkiyə dövlət başçısına telefon zəngi, həm regiondakı vəziyyəti, həm də Suriyada baş verənləri müzakirə etməsi də buna dəlalət edir. Hesab edirəm ki, sonrakı mərhələdə Türkiyənin sərhədləri boyunca təhlükəsizlik tədbirlərini görməsi üçün yeni imkanlar yaranacaq. Bu da çox vacib məqamdır. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik müqavilələri mövcuddur. Qardaş ölkənin təhlükəsizlik məsələsi bizim üçün olduqca vacibdir. Proseslərin mümkün inkişaf ssenarisinə dair liderlərin fikir mübadiləsi, mövqelərin koordinasiyalı şəkildə formalaşması çox mühümdür. Diqqətçəkən məqamlardan biri də odur ki, Suriyanın ərazi bütövlüyünə həm Türkiyə, həm də Azərbaycan prezidentləri öz dəstəklərini ifadə etmiş oldu".


Chosen
39
50
sherg.az

10Sources