EN

Joze Mourinyo: “Hamıya Lamin Yamal xoş gəlir, mənə isə…”

“Fənərbaxça”nın portuqal baş məşqçisi Joze Mourinyo Bilbao “Atletik”inin ispaniyalı cinah hücumçusu Niko Uilyamsı tərifləyib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Uilyamsın yüksək futbol səviyyəsini qeyd edib:

“Avropa çempionatında insanlar “Yamal, Yamal və Yamal” deyə qışqırırdılar. O, əla oğlandır, amma şəxsən mən Niko Uilyamsı daha çox bəyənirəm”, deyə Joze Mourinyo vurğulayıb.

Xatırladaq ki, Niko Uilyamslı “Atletik” ötən gecə Mourinyonun çalışdırdığı “Fənərbaxça” ilə İstanbulda qarşılaşıb. İspaniya klubu bu rəqibini 2:0 hesabıyla məğlub edib. Amma Niko Uilyams Türkiyə nəhəngi ilə görüşdə sonadək mübarizə apara bilməyib. O, zədə aldığı üçün qarşılaşmanın 38-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Uilyams “Atletik” üçün 21 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 143 oyun, 22 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 24 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.

“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Chosen
47
arena.az

1Sources