EN

TARİX İNSTİTUNUN «TƏZADLAR»A QARŞI MƏHKƏMƏSİNİN HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Qəzet rəhbərliyinin vəsatəti təmin olundu: növbəti məhkəmə iclasında qəzetə müsahibə vermiş institut əməkdaşı, tanınmış tarixçi alim Günel Aslanlı şahid qismində dindiriləcək…

 Bu gün Yasamal Rayon Məhkəməsində AMEA-nın Tarix İnstitunun- qurumun əməkdaşı Məmmədli Şəhla Rafiq qızının «Şərəf və ləyaqətin, işgüzar nufuzun müdafiəsi ilə bağlı» iddia ərizəsinə dair məhkəmənin hazırlıq iclası keçirildi. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında qəzetin baş redaktoru Asif Mərzili vəsatətlə çıxış etdi. Baş redaktor bildirdi ki, qarşı tərəf yanlış olaraq mübahisələndirdiyi materialı jurnalist məqaləsi (materialı) kimi təqdim edir. Sitat: «…Halbuki mübahisələndirilən baza materialı müsahibədir. Müsahib isə AMEA Tarix İnstitunun aparıcı elmi işçisi, tanınmış tarixçi-alim, «Heydər Əliyev irsini araşdırma mərkəzinin» aparıcı mütəxəssisi Günel Aslanlıdır. Məmmədli Şəhla Rafiq qızı isə ərizəsində qeyd edir ki, guya “Təzadlar” qəzetində (saytda) onun barəsində «…həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna ziyan vurmaq, şərəf və ləyaqətini alçaltmaq məqsədilə mütəmadi olaraq materiallar dərc edilib…». Məhkəmənin diqqətinə çatdırıram ki, iddiaçı Məmmədli Şəhla Rafiq qızı, iddia tələbini əsaslandıran heç bir maddi sübut təqdim etməmiş, şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən ifadələrin nədən ibarət olduğunu göstərə bilməmişdir. Yaxud, iş yoldaşının müsahibəsindəki bu ifadələrin təsiri nədən ibarət olub, o stressmi keçirib, bəlkə xəstələnib?! Ekspert rəyində də bildirilir ki, əgər iddiaçının mübahisələndirdiyi materiala dair sübutlar təqdim edilməzsə, o zaman bəzi ifadələr  mübahisələndirilə bilər. İddaçı isə bilə-bilə ki, narazı qaldığı ifadələr AMEA-nın Tarix İnstitutunda onun birlikdə çalışan iş yoldaşı Günel Aslanlının müsahibəsindəndir. Hansı ki, G.Aslanlı redaksiyaya zəng edərək əməkdaşımıza başına gətirilənlərlə bağlı müsahibə vermək istədiyini bildirmişdir. O, redaksiyaya dəvət olunmuş, əməkdaşımız, Qarabağ Müharibəsi veteranı Elçin Məmmədli ondan müsahibə götürmüşdür. Həmin müsahibə «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların bütün təbələrinə riayət edilməklə əvvəlcə institut, sonra AMEA, həmçinin institutun mətbuat xidmətinin rəhbəri Nərminə Ağayevaya və s. göndərilmişdir ki, mövqe bildirilsin. Qarşı tərəf, yəni institutun direktoru Kərim Şükürov mövqe bildirmək əvəzinə, bizi təhdid edən təhqiramiz ifadəli mesajlar yazmış, elektron poçtumuza göndərmişdir. İndi də redaksiyanı məhkəmə ilə təhdid etmək, peşə fəaliyyətimizdən imtinaya məcbur etmək istəyir. «Media haqqında» Qanun isə belə halları tamamilə inkar edir, qarşı tərəfin məsuliyyətini müəyyənləşdirib. Belə çıxır ki, jurnalist heç kimdən müsahibə ala bilməz, şikayətçini dinləyə bilməz və s. Azərbaycanın efir məkanında hər gün şikayətçilərin dərdini danışması barədə TV sujetlərədəmi baxmırlar?!».

 Beləliklə, məhkəmə yerində müşavirə edərək qəzetə müsahibə vermiş AMEA Tarix İnstitunun aparıcı elmi işçisi, tanınmış tarixçi-alim, «Heydər Əliyev irsini araşdırma mərkəzinin» aparıcı mütəxəssisi Günel Aslanlının məhkəmədə şahid qismində dindirilməsinə dair vəsatəti təmin etdi.

Məhkəmənin növbəti iclası 2025-ci ilin yanvarın 14-də, saat 15:00-a təyin edildi.

Elçin Məmmədli

Chosen
23
tezadlar.az

1Sources