EN

Dünyanı dəhşətə gətirən Sednaya həbsxanası

Dəməşq ətrafında yerləşən, həftədə iki dəfə edamların həyata keçirildiyi və ətrafında onlarla kütləvi məzarlığın olduğu Sedyana həbsxanası, araşdırmalara görə, cəmi 10 ildə 30-35 min adamın edam edildiyi yer olub.

Ata Əsəddən oğluna miras: İnsan qəssabxanası

Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrildi. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub.

Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilməsinə baxmayaraq, Sednayada baş verənlərlə bağlı çoxlu məlumatlar naməlum olaraq qalır. Çünki nə qeyri-hökumət təşkilatları, nə də beynəlxalq təşkilatlar həbsxanaya buraxılmayıb. Ziyarət üçün həm hərbi polisdən, həm də hərbi kəşfiyyatdan icazə tələb olunurdu.

Həbsxana şəhərciyində “ağ bina” və “qırmızı bina” adlanan iki təcridxana olduğu deyilir.

Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək?
“Qırmızı bina”da saxlanılanların əksəriyyəti 2011-ci ildən həbsdə olan mülki şəxslər olduğu halda, “ağ bina”da rejimə “sədaqətsizlik” səbəbilə saxlanılan zabit və əsgərlər olub. Adətən Dəməşqin Mezze rayonunda yerləşən hərbi məhkəmələrdən birində ədalətsiz mühakimə olunan məhbuslar bu binalara köçürülüb. "Qırmızı bina"da olan minlərlə insanın mühakimə olunmadan edam olduğu deyilir.

Keçmiş həbsxana məmurlarının və məhbusların ifadələrinə görə, 2011-ci ildən bu yana qırmızı binada saxlanılanların əksəriyyəti Suriya rejiminə müxalif kimi görünən cəmiyyətin bütün təbəqələrindən olan mülki şəxslərdir.

2011-2015-ci illər arasında aparılan hesabatlara görə, hər həftə, bəzən isə iki həftədən bir təxminən 50 nəfər edam olunurdu. Edam həyata keçirildikdən sonra qurbanların cəsədləri yük maşınlarına yüklənərək Dəməşqin Tişrin Hərbi Hospitalına aparılıb.

Sednayadakı keçmiş həbsxana məmurlarının və Tişrin xəstəxanasının həkimlərinin dediyinə görə, tibbi hesabatlarda və ölüm şəhadətnamələrində ölüm səbəbi kimi ya ürək, ya da tənəffüs çatışmazlığı göstərilirdi. Onların ölümləri xəstəxanada qeydə alındıqdan sonra cəsədlər Tişrindəki morqa, oradan isə kütləvi məzarlıqlara göndərilirdi.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında Sednaya həbsxanasında 30 mindən çox məhbus edamlar, işgəncələr, tibbi xidmətin olmaması və aclıqdan ölüb.Türkiyə mərkəzli Sednaya Həbsxanasında İtkin Olmuş Məhbuslar Dərnəyi 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara əsasən, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.

Həmidə İbrahimova
AzVision.az
Chosen
25
50
azvision.az

10Sources