EN

Şokolad alan müəllimlər həbs olunur? – Rüşvət, yoxsa şirinlik…

Son günlər ölkənin gündəmini zəbt edən mövzulardan biri də şagirdlərin, tələbələrin öz müəllimlərinə şokolad hədiyyə etməsidir. Artıq bu, trendə çevrilib.

Sosial şəbəkələrdə yayılan paylaşımlar birmənalı qarşılanmır. Çünki məsələyə hər kəs öz pəncərəsindən baxır. Hələ də iddialar səsləndirilir ki, məktəblərdə direktor, müəllim bayramlarda hədiyyə olaraq uşaqlardan pul alır. Bəli, belə məsələ müzakirə olunmalı və rüşvətə son verilməlidir. Bəs şagirdlərin müəllimə şokolad verməsində nə kimi qəbahət var? Bu rüşvətdirmi? Müəllimə pul verməkdənsə, şokolad vermək daha yaxşı deyilmi? Biz niyə hər xırda məsələni böyüdür, lakin vacib məsələləri gözardı edirik?!

Sosial şəbəkələrdə qarşıma bir paylaşım çıxdı. Deməli, “Rəvan müəllim” adlı bir şəxs deyir ki, kim uşaqlardan şokolad almağını paylaşıbsa, təcili silsin. Niyə? Səbəb? Hələ orada yazılan şərhləri demirəm. Biri “müəllim də bir parça uşaqdan konfet yığarmı” deyə qeyd edir, digəri isə həmin müəllimləri artıq “həbsə” göndərir.

Ay yoldaşlar, diqqətlə izləsəniz, görərsiniz ki, orada şirniyyatların qiyməti 50 qəpikdən başlayır. Maksimum qiymət isə 2-3 manatdır. Bu, içdən gələn bir şeydir. Kimsə o uşaqları buna məcbur etmir. Hazırda müzakirə ediləcək mövzu təhsilin keyfiyyəti olmalıdır.

Bu yazdıqlarımı bəlkə də, bəziləri danacaq. Amma böyüklərimiz hər zaman deyirlər ki, uşaq vaxtı müəllimlərə həyətdə yetişən meyvələrdən və ya evdə olan “rossiyskiy” konfetlərdən aparardıq. Ona görə yox ki, müəllim bunları ala bilmir, ona görə ki, pedaqoqa hörmət ediblər. Fikir verirəm, video üçün uşağına şokolad alıb verənlər qalıb kənarda, heç nə etməyənlər müəllimləri “Xalq düşməni” çıxarır. Əlqərəz…

Keçim öz məktəb illərimə…

Orta məktəbə Qazaxıstanın Aktau şəhərində getmişəm. Orada həftədə bir dəfə “Əmək təlimi” fənni tədris edilirdi. Müəllim həmin dərs zamanı deyərdi ki, salat və ya digər yeyəcəklər, içəcəklər hazırlamaq üçün evdən az miqdarda ərzaq gətirək. Gətirir, dərs zamanı onu hazırlayırdıq. Özümüz də yeyirdik, müəllimimiz də dadına baxırdı, hələ valideynimiz üçün də pay saxlayırdı. Bu da rüşvət sayılır? Biz də sevdiyimiz müəllimlərə şokolad almışıq. Heç vaxt bunun rüşvət olduğunu ağlımıza gətirməmişik.

Dara düşəndə, imtahandan keçmək üçün kömək lazım olanda, bilmədiyimizi öyrədəndə müəllim yaxşıdır, 50 qəpiklik şokolad götürəndə pis? İmkan verək, uşaqlar sevinsinlər. Şokolad trendi az qala bütün ölkələrdə var. İnanın ki, şərhlərdə yalnız bizim müəllimlər tənqid, hətta təhqir olunur. Haqqı tələb ediriksə, hər mövzuda edək, şagirdlərindən 50 qəpiklik şirniyyat alan müəllimi gözdən salmayaq. Hədiyyə rüşvətdirsə, o zaman heç kimdən hədiyyə almayaq…

Zaira Akifqızı

Mənbə: globalinfo.az

Chosen
24
globalinfo.az

1Sources