EN

Sabah kritik görüş olacaq: əməliyyatlar başlaya bilər 

 Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında dekabrın 13-də görüş olacağı gözlənilir. Suriyada Bəşər Əsədin devrilməsi fonunda bu görüş diqqət çəkir.

Aydın məsələdir ki, tərəflər arasında əsas müzakirə mövzusu Suriyadakı son proseslər olacaq. Türkiyənin Suriyanın şimalında PKK-ya bağlı qüvvələrin mövcudluğuna son qoymaq üçün xəbərdarlıq edəcəyi, əks halda əməliyyata başlayacağı gözlənilir.

Əvvəlki yazılarda da qeyd etdiyim kimi, Bəşər Əsəd ABŞ, Türkiyə, İsrailin ortaq düşməni idi. Əsədin devrilməsindən sonra üç ölkənin qarşı-qarşıya gələcəyi bəlli idi. Xüsusilə Ankara ABŞ və İsrailin ortaq planı olan regionda ikinci bir kürd subyektinin yaranmasını birmənalı qəbul etmir. Buna görə də H.Fidan E.Blinkenə son söz kimi “Ya siz bununla məşğul olursunuz, ya da biz nə lazımdırsa edəcəyik” deyəcək.

Türkiyə və ABŞ əvvəllər də Suriyada kürd məsələsində üzə-üzə gəlib. Lakin dövrün şərtlərinə uyğun olaraq Türkiyə ABŞ-la gərginliyi ya uzatmayıb, ya da Suriyada nüfuz bölgüsünə razı olub. Lakin hazırda vəziyyət fərqlidir. Ankaranın konkret tələb irəli sürməsinin üç əsas səbəbi var:

Birincisi, ABŞ YPG-nin dövlətləşmə prosesini böyük ölçüdə tamamlayıb. Suriyanın hazırda parçalanmaya münasib olması da bu prosesi riskli edir. Digər tərəfdən, İsrail də bunu istəyir.

İkincisi, ABŞ-ın başı daxili işlərinə qarışıb. Bayden dönəminin bitməsi, Trampın hakimiyyətə gəlişi kimi məsələlər hələ bir müddət davam edəcək. Yəni ABŞ-ın tezliklə Suriyaya diqqət ayırması real görünmür.

Üçüncüsü, Türkiyə Suriyada mərkəzi hakimiyyətin qurulmasını, həmçinin Ankara ilə normal münasibətlərə malik Suriya arzulayır. Yəni bu ölkənin parçalanması ya da ABŞ-la İsrailin arzuladığı tərzdə federallaşmasını qəbul etmir.

Bütün bunlara baxmayaraq, ABŞ-ın Türkiyənin təklifini qəbul etməsi çətin məsələdir. Çünki Vaşinqton illərdir Rojava kürdlərinə dəstək verir, külli miqdarda vəsait sərf edir. Digər tərəfdən, İsrail də bu məsələdə ABŞ-ın geri addım atmasını istəmir. Hətta mümkdür ki, İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri zamanı regionda bir kürd dövlətinin yaranmasına dair məsələ həm Bayden, həm də Trampla müzakirə edilib.

Ümumiyyətlə, Trampın qələbəsində İsrail faktoru böyük rol oynayır. Lakin onu qarşıda çox ciddi və çətin siyasi proseslər gözləyir.

O ki qaldı Hakan Fidan və Entoni Blinken arasında baş tutacaq danışığa, burada 3 əsas tezis önə çıxır:

Tərəflərin uzlaşması çətin görünür;
Türkiyənin PKK-ya qarşı əməliyyatlara başlaması istisna deyil.
ABŞ Tramp hakimiyyətə gələnə qədər Türkiyənin başını qatmağa çalışacaq.


/globalinfo.az

Chosen
27
1
referans.az

2Sources