EN

Professor Eynəddin Məmmədov təltif olundu

Qərbi Azərbaycan İcmasının Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədov ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatındakı xidmətlərinə, müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə vətənimizin tərəqqisinə verdiyi töhfələrə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib. 
 
Moderator.az xəbər verir ki, 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə döş nişanını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev yubilyara təqdim edib. 
 
Qeyd edək ki, Eynəddin Hüseyn oğlu Məmmədov 1939-cu il sentyabr ayının 13-də  İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlayıb. O, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olub,  Gəncə Tarix-ölkəşünaslıq muzeyində baş elmi işçi, indiki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) buraxılan qəzetin məsul katibi, baş redaktoru, həmin təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dillər kafedrasının müdiri və bir sıra digər məsul vəzifələrdə çalışıb.  
 
E.Məmmədov çoxsaylı elmi, publisistik, metodiki məqalənin, portret-oçerkin, tədris proqramının, onlarla dərs vəsaitinin, monoqrafiya və kitabların müəllifi, ADAU Dillər kafedrasının professorudur. 
 
Professor Eynəddin Məmmədov 2018-ci ildə nəşr edilmiş “İrəvandan başlanan yol” adlı kitabında 36 il İrəvanın və quberniyanın Şeyxülislamı olmuş ulu babası Şeyx Məhəmmədbağır Qazızadənin şəcərəsini yazaraq bu qədim Azərbaycan torpağının tarixini yeni faktlar və sənədlərlə zənginləşdirmişdir. Onun İrəvan şəhərinin əzəli sakinlərinin etnik təmizləməyə məruz qalmasından bəhs edən məqaləsi "İrs" jurnalının son sayında dərc olunub. 
 
Elmi-pedaqoji və publisistik fəaliyyətlə yanaşı Eynəddin Məmmədov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə də yaxından məşğul olur. 
 
Qeyd edək ki, E.Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına və bir sıra digər ali təltiflərə də layiq görülüb. 
Chosen
61
1
moderator.az

2Sources