EN

Praqada Ulu Öndərin xatirəsi anılıb

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Çexiyadakı səfirliyində anım mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri, tələbələr və səfirliyin kollektivi iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunan guşənin önünə çiçəklər düzüb, sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Adış Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğala məruz qaldığı, daxili siyasətdə xaosun və hərc-mərcliyin hökm sürdüyü, iqtisadiyyatda çöküş yaşandığı bir dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin qısa bir müddətdə böyük dövlətçilik təcrübəsi və mahir diplomatik gedişləri ilə Azərbaycanın dövlətçiliyini qoruduğunu, müstəqil Azərbaycanı yenidən qurduğunu diqqətə çatdırıb. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində 1994-cü ildə dünyanın neft nəhənglərinin “Əsrin müqaviləsi”nə imza atdığını, bütün xarici təzyiqlərə baxmayaraq, Azərbaycan neftini dünyaya daşıya biləcək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanıldığını bildirən səfir, bu nəhəng layihələrin təkcə Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edən iqtisadi layihələr olmadığını, eyni zamanda, Azərbaycan dövlətçiliyinin təhlükəsizlik qarantı olduğunu qeyd edib.

Prezident İlham Əliyevin Ulu Öndərin yaratdığı möhkəm bünövrə üzərində qüdrətli Azərbaycan qurduğunu diqqətə çatdıran səfir, dövlətimizin başçısının uğurlu, düşünülmüş siyasəti nəticəsində ölkəmizin daha da gücləndiyini, regionun söz sahibinə çevrildiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ərazilərimizi işğaldan qurtardığını və ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulayıb.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

Chosen
20
sia.az

1Sources