EN

"Qisas qiyamətə qalmır"- Tural İrfan yazır

Qəddarlıq, amansız işgəncə üsulları ərəblər üçün xarakterik olub tarix böyü. Nəcd və Hicazda Peyğəmbər zamanında qız uşaqlarını diri-diri dəfn edirdilər.
Tələsik yemək lazım olanda heyvanların diri-diri qol, budunu kəsib bişirirdilər.
İslamı ilk qəbul edən səhabələrə verilən işgəncələr buna nümunədir. Bir qadın səhabənin hər ayağını bir dəvəyə bağlayıb ayıraraq iki şaqqa etmişdilər.
Həbəşli Bilalın qızmar günəş altında sinəsinə qaya yıxaraq əzab vermişdilər. Uhud savaşında Əbu Sufyanın arvadı Hind Vəhşi adlı həhəşli qulu killer tutaraq Peyğəmbərin əmisi Həmzəni nizələdib sonra da qarnını yardıraraq ciyərini, ürəyini, böyrəyini tikə - tikə edib çeynəmiş, boyunbağı düzəldərək boyuna asmışdı. Məkkəyə qayıdandan sonra həmin tikələri boynundan bir - bir qopararaq əri, qardaşı döyüşdə ölmüş qadınlara hədiyyə edirmiş qisas əlaməti olaraq.
İslamı qəbul etdikdən sonra da ərəblərin qəddar işgəncələri davam edib.
Xəlifə Osman bin Əfvanı üsyançılar mühasirəyə alaraq iş kabinetində Quran oxuduğu halda doğradılar. Hətta həyat yoldaşı Nailə onu xilas etmək üçün qolunu qabağa verərkən onun qolunu da kəsdilər. Rəvayətə görə xəlifənin qanı bu gün Buxarada saxlanılan Quran nüsxəsinin üstünə tökülüb. Xəlifəni bir neçə gün dəfn etməyə qoymadılar. Çox çətinliklə yaxınları onu gecə bir təhər dəfn edə bildilər.
Səhabə Muaviyyə Muhəmməd bin Əbu Bəkri diri-diri təzə kəsilmiş öküzün qarnına tıxadaraq od vurub yandırtdı. O hesab edirdi ki, əmi oğlusu sayılan Əməvi soyundan olan 3-cü xəlifə Osmanı mühasirəyə alıb öldürənlərin təşkilatçılarından biri də xəlifə Əbu Bəkrin oğludur. O sonrakı xəlifə Əli bin Əbu Talibə vali olaraq tabe olmaqdan imtina etməsini də İmam Əlinin Osmanın qatillərindən qisas almaması ilə əsaslandırırdı.
Məlum Kərbəla faciəsi zamanı Əməvi xəlifəsi Yezidin ordu başçıları Peyğəmbər soyundan olan körpələrə qədər 150 dən artıq insanı susuz və ac şəkildə oxlayıb doğramış, sonra da başlarını kəsib nizələrə taxmışdılar.
Bu qəddarlığın qisasını 8 il sonra Muxtar əs Səqafi adlı bir cəngavər daha betər işgəncə ilə almışdır. Kərbəla qatilləri Ubeydullah bin Ziyad, Ömər bin Səd, Sinan ən Nixai, İmam Hüseynin başını boynunun arxasından kəsən Şimr bin Zilcəvşən, altı aylıq Əli Əsğəri atasının qucağında su istəyərkən boğazından oxlayan Hərmələ bin Kahil və digərlərini gizləndikləri yerlərdən tutaraq tədricən doğradıb, yaralarını dağlayaraq müxtəlif üsullarla işgəncə verib, böyük qazanlarda diri - diri qatranla qaynadıb, məhv etmişdir.
Mənbələrə görə qatillərin başlarını bir torbaya yığıb Mədinəyə, İmam Hüseynin yeganə sağ qalan oğul övladı İmam Əli Zeynəlabidinə göndərmişdir.
Müxalif qrup üzvlərinin sabiq Suriya prezidenti Hafiz Əsədin məzarını açaraq çıxarıb yandırması haqda məlumatlar və görüntülər yayılıb. Bu, Əsəd rejiminin xalqa etdiyi işgəncə və zülmün nəticəsində əhalinin intiqam hissindən doğur.
Hitlerin ölüm kamplarından daha betər olan Sidnaya həbsxanasındakı işgəncə üsulları bütün dünyanı dəhşətə salıb. Yüz minlərlə insana dəhşətli işgəncələr verilib, təcavüzə məruz qoyulub.
Bu əzabların, zülmün müqabilində şübhəsiz ki, əhalidə böyük qəzəb və nifrət hissi var.
Ümumiyyətlə qəddarlıq, qəbir açmaq, sümük yandırmaq da ərəblərin qədim adətidir.
Peyğəmbərin qaynı, sonralar Suriyada xilafət taxtına oturmuş Müaviyyə bin Əbu Sufyanın, oğlu Yezidin və bir nəfərdən başqa bütün əməvi xəlifələrinin, sülalələrinin qəbrini ilk Abbasi xəlifəsi Abdullah əs Səffah (Qantökən) açdıraraq sümüklərini yandırıb, sağ qalan Əməvi davamçılarının da qollarını bağladıb ağzı üstə yerə döşədib üstündən at çapdırıb. Sonra da meyitlərin üstündə süfrə açdırıb ziyafət verib.
Nifrətin, hikkənin, qəzəbin həddinə baxın. Və bu qisasa səbəb yaratmış vəhşətə, dəhşətə, zülmə də baxın...
Bəzi mənbələrə görə Əmir Teymur da eyni əməli təkrar edib. Şamı tutanda elan edib ki, Əməvilər uzun müddət burada hökmdarlıq etdiyinə görə onların da haqqı var, o soydan, tayfadan kimlər qalıbsa üzə çıxsın vəzifə verək, idarəçilikdə iştirak etsinlər. Xeyli insan ortaya çıxaraq Əməvi olduğunu bildirib. Sonra hökmdar bu şəxsləri qılıncdan keçirərək Peyğəmbər soyunun intiqamını alan üçüncü şəxs kimi tarixə düşüb.

Tural İrfan, MCP-nin sədr müavini
Chosen
33
news365.az

1Sources