EN

Suriyada Colaniyə rəqib olacaq silahlı qruplar: Hakimiyyət uğrunda daxili savaş başlaya bilər...

"Suriyada Bəşər Əsədin devrilməsi prosesində çox incə bir detal oldu, lakin buna çox az diqqət edildi. Dəməşqə ilk girən Colani və onun dəstəsi deyildi, cənubdan gələnlər idi. Bilənlər bilir ki, cənub Suriyada əsasən xristianlar - Dəra tərəfdə və druzlar - Suveyda vilayətində, yəni İordaniya sərhədində yaşayır. Hətta qədimdə burda druz dövləti olub. Bəşər Əsəd 2017-ci ildə İordaniya ilə sərhədi nəzarətə götürdükdən sonra orda problem yox idi. Yalnız bir neçə ay əvvəl druzlar tərəfdə xırda etirazlar oldu. Amma HTŞ Hələbi ələ keçirib Hamaya girəndə qəflətən cənubda üsyan başladı və çox tezliklə - 2 gün ərzində Suriyanın cənubu üsyançıların nəzarətinə keçdi. Gəlib Dəməşqin qapılarına dirəndilər".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu deyib. 

O bildirib qələbə eyforiyası keçəndən sonra bu qruplar arasında fikir ayrılıqları daxili savaşa qədər gətirib çıxara bilər: "Şərqdən də Tənəf silahlıları HTŞ gəlmədən Dəməşqə gəldi. Hələlik ortada Colani var, amma cənubdan gələn bu qüvvələr kimdir, nə istəyir, bu tam bilinmir. Druzların İsraillə ittifaqda olduğu iddiaları var. Amma rəsmi belə bir mövqe yoxdur. Ümumiyyətlə, Suriyada hələ bir müddət qələbə sərxoşluğu davam edəcək, amma ardınca bu qüvvələr arasında fikir ayrılıqları ortaya çıxacaq".

K.Rövşənoğlu hesab edir ki, bunun qarşısını almağın 3 variantı var: "Ya bir qüvvə, məsələn, Colani qalanları əzib özünü qəbul etdirməlidir, ya ikinci bir müharibə ilə ortaq düşmənə qarşı çıxmalıdırlar, ya da öz aralarında toqquşma qaçılmaz olacaq. Əlbəttə, söhbət silahlardan gedir, silahsız müxalifət yalnız siyasi legitimlik və hakimiyyət bölgüsündə iştirak edəcək. Əsas risklər isə silahlı qruplardır".

Seymur,

Sitat.info

 

Chosen
19
sitat.info

1Sources