EN

Politoloq: Ermənistan başa düşür ki, Rusiyayla uzaqlaşma ona müsbət nəsə vəd etmir

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
Bununla bağlı Baş nazir sosial şəbəkədə paylaşım edib.
Vnukovo hava limanında Paşinyanı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qarşılayıb.
Paşinyan bugün Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Ermənistan Qərbə inteqrasiya prosesini davam etdirir. Amma bu prosesi əvvəlki kimi radikal formada, yəni Rusiya ilə münasibətlərin pozulmasıyla paralel aparmır:

"Moskvadan gələn iqtisadi təzyiqlər və siyasi müraciətlər fonunda Ermənistan başa düşür ki, Rusiyayla bu dərəcədə uzaqlaşma müsbət nəsə vəd etmir. Üstəlik, Qərbdən də Ermənistana təlimat gəldi ki, Rusiyayla münasibətləri radikal formada yox, tədricən pisləşdirin və ya uzaqlaşın. Digər tərəfdən Paşinyan baxır ki, Azərbaycanın Rusiya və Qərb arasında apardığı balans siyasəti Bakının bir çox strateji regional maraqlarının təmininə gətirib çıxarıb. Yəni prinsipcə Azərbaycan Rusiya ilə müttəfiqdir. Həmçinin heç bir Qərb sanksiyalarına qoşulmur. Amma Ukrayna müharibəsində Rusiyanı dəstəkləmir. Əksinə, Ukraynaya humanitar yardımlar göstərər, Rusiyanın etdiklərinin işğal prosesi olduğunu qeyd edir. Bu baxımdan əslində Ermənistanın etdiyi də bu siyasətə bənzərdir. Məsələn, Ermənistan KTMT-nin tədbirlərində iştirak etmir. Amma Avrasiya tədbirlərində yer alır. Çünki KTMT hərbi, Avrasiya isə iqtisadi təşkilatdır. Ermənistan bununla Qərbə mesaj verir ki, iqtisadi baxımdan Rusiya ilə münasibətlərdə maraqlıyıq, lakin hərbi və siyasi cəhətdən belə deyil".

Politoloqun fikrincə, son proseslər fonunda Ermənistan və Rusiya arasında müzakirəyə ehtiyac olan məsələlər var:
"Söhbət Azərbaycan-Ermənistan münasibətləri, regionda baş verən son dəyişikliklər və s. dən gedir. Bu iki ölkə istəsək də, istəməsək də min illərdir əməkdaşlıq içərisindədir. Xüsusilə sülh gündəliyində Bakının mövqeyini yumşaltmaq üçün Ermənistanın Rusiyadan nəsə istəməsi mümkündür. Bu, isə Rusiya və Ermənistan rəhbərlərinin ikili görüşündə ola bilər.  Amma təşkilat çərçivəsində ümumi məsələlər müzakirə edilir".
Chosen
17
sherg.az

1Sources