EN

Rubinyan: Ermənistan hakimiyyəti Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəmir, o, özü gedir


Paşinyan iqtidarı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Ermənistan müxalifətinin Ermənistan hakimiyyətinin Rusiya Federasiyasının getməsini, Türkiyənin onun yerini tutmasını istəməsi ilə bağlı bəyanatları yalandır və həqiqətə uyğun deyil.

“Faktlar onu göstərir ki, Rusiya özü buradan gedir. Qarabağda yerləşən və üçtərəfli razılaşmaya əsasən ən azı daha bir neçə il orada qalmalı olan Rusiya sülhməramlılarını ölkədən çıxaran, şübhəsiz ki, rəsmi İrəvan deyil”, - deyə Rubinyan yerli İctimai Televiziyaya müsahibəsində bildirib.

Onun fikrincə, Ermənistan məsələsində indiki müxalifətin etdiyi kimi Suriyadakı hadisələrlə paralellər aparmağa dəyməz.

“Bunlar onların son absurd ittihamlarıdır. Mən Suriya və Cənubi Qafqazın kontekstini müqayisə etməyin tamamilə yersiz olması faktını belə demirəm”, - deyə erməni rəsmisi qeyd edib.

Chosen
45
musavat.com

1Sources