EN

Azərbaycan Suriyadasəfirlik açacaq - əsas şərt

Bu ölkədə yeni normal hakimiyyətin qurulmasından sonra...

61 illik Əsəd rejimi, nəhayət, tarixin zibilliyinə atıldı. Qalır indi Rusiyaya qaçan Bəşər Əsədin layiq olduğu cəzaya çatdırılması. Bunu həm də Azərbaycana qarşı haqsızlıqlar diktə edir.

Bəllidir ki, Əsəd rejimi erməni işğalı dövründə İranın satelliti kimi daim Ermənistanı müdafiə edib, beynəlxalq miqyasda onun mövqeyini dəstəkləyib. Türkiyəyə qarşı saxta “soyqırımını” belə tanıyıb. Ermənistanın iqtidarlı-müxalifətli, cəmiyyətli dilxor olmasının bir səbəbi də bu. 

O da məlumdur ki, Azərbaycan indiyədək Suriyada (Dəməşqdə) səfirlik açmayıb. Azərbaycan XIN-in iki gün öncə Suriyadakı yeni durumla bağlı yaydığı açıqlamada deyilir: “Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir. 

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır...Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır".

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə srağagün jurnalistlərə açıqlamasında deyib ki, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq və iki ölkə arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək. “Suriyadakı əvvəlki rejim bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradır, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.

Rəsmi Bakı Suriyada yeni hökumət dövründə səfirlik açacaqmı? Əsas şərtimiz nədir? Bu, nə qədər zaman ala bilər? 

Çingiz

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hələlik Suriyada keçid hökuməti formalaşıb. Yaxın zamanlarda seçkilər keçiriləcək. Biz istəyirik ki, bu seçkilər xalqın iradəsini əks etdirsin və nəhayət, demokratik bir şəraitdə keçirilsin, xalqın iradəsinə uyğun legitim hakimiyyət formalaşsın: “Suriyada Bəşər Əsəd hakimiyyəti Azərbaycana qarşı qərəzli mövqedə olub, beynəlxalq təşkilatlarda Azərbaycan maraqları əleyhinə mövqe ortaya qoyub və işğalçı Ermənistana daim dəstək verib. Bu baxımdan hesab edirəm ki, Əsədin diktatura hakimiyyətindən sonra Suriyanın başına keçəcək yeni hakimiyyət Əsədin buraxdığı səhvləri təkrarlamayacaq və Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq. Təbii ki, bundan sonra Azərbaycan Suriyada öz səfiriliyini açmaqda maraqlı olacaq. Yəqin ki, Suriya da Azərbaycanda səfirlik açmaq istəyəcək. Hesab edirəm ki, Suriyada əsədlərin dövrü bitdi və bu ölkədə qarşıda çiçəklənən dövr başlayacaq. Bu, Azərbaycanın həmin ölkədə səfirliyinin açılmasına və əlaqələrin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Hələlik buna zaman lazımdır. Suriyada vəziyyət aydınlaşmayınca orada səfirlik açmaq məsələsindən danışmaq tez olardı”. 

Mütəllim

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli isə bildirdi ki, Azərbaycan Suriyada baş verən hadisələrə daha həssaslıqla yanaşır. Çünki Azərbaycan uzun müddət suverenliyinin pozulması problemindən əziyyət çəkib. Buna görə də bizim üçün prioritet məsələ Suriyanın ərazi bütövlüyüdür. Hazırda ölkədə hakimiyyətin otürülməsi prosesi gedir. Lakin bu hakimiyyət ölkənin bütün ərazilərinə nəzarət edə bilmir. Faktiki olaraq Suriya bu gün ən azı üç hissəyə bölünüb: “Yeni hökuməti kifayət qədər ağır missiya gözləyir. Biz Suriyanın ərazi bütövlüyünü dəstəklədiyimizə görə yeni yaranan hökumətlə əmakdaşlıq edə və hətta səfirlik də aça bilərik. Amma bu heç nəyi dəyişməyəcək. Səfiriliyin yaxın zamanlarda açılması gözlənilmir. Azərbaycan Yaxın Şərqdə baş verən proseslərə təsir etmək imkanına malik deyil. Həm də bizim bu geosiyasi qarsıdurmada birbaşa iştirakımız arzuolunan deyil. Ona görə də Azərbaycan Suriya məsələsində Türkiyə ilə birgə və uzlaşdırılmış hərəkət etməlidir. Türkiyənin Suriya siyasətini müdafiə etməli və ona dəstək göstərməliyik. Türkiyənin Suriyadakı səfirliyi bizim də maraqlarımızın mudafiəçisi kimi çıxış edə bilər. Belə bir praktika indiyədək olub və özünü doğruldub”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Suriya ilə bağlı bəzi məsələlər üzrə razılığa gəliblər.

Ankarada keçirilən görüşdə tərəflər Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsinin, PKK-nın orada hökmranlığının qarşısının alınmasının prioritet olduğunu vurğulayıblar.

Görüşdə eləcə də Suriyadakı sabitliyin həlli yolları müzakirə edilib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Chosen
26
musavat.com

1Sources