EN

Nazir müavini: Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi əsas prioritetlərdəndir

Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır.

FED.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, ekoloji məsuliyyətin artırılması məqsədilə sənaye müəssisələrinin fəaliyyətində müasir idarəetmə alətlərinin tətbiqi diqqət mərkəzindədir:

"Bu proseslərdə “yaşıl maliyyələşdirmə” xüsusi rol oynayır. Bu çərçivədə həyata keçirilən layihələr istehsal xərclərinin azalmasına, resursların səmərəli istifadəsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu isə ölkədə sosial-iqtisadi islahatların davam etdirilməsinə, innovativ iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin güclənməsinə şərait yaradır. Müasir dövrdə dövlət və ictimai sektor arasında səmərəli əməkdaşlığın artırılması, məlumat, təcrübə və fikir mübadiləsinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir".

“Bu əməkdaşlıq çərçivəsində yaşıl artımın təmin olunması və ekoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır. Bu istiqamətdə istehsal müəssisələrinin öz fəaliyyətini qanunvericiliyə uyğun şəkildə həyata keçirməsi, enerji səmərəliliyinin artırılması və təbii resurslardan səmərəli istifadə vacib şərtlərdən hesab olunur.

Eyni zamanda, davamlı inkişaf məqsədilə müəssisələrin əməyin təhlükəsizliyini və işçi sağlamlığını təmin etməsi, ekoloji səmərəliliyi artırmaqla yanaşı, istehsal xərclərini azaltmaq kimi mühüm məqsədlər qarşıya qoyulur”, - nazir müavini bildirib (Report).

Chosen
14
4
fed.az

5Sources