EN

Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb

Bakı, 14 dekabr, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbayxanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədqiqat Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi "Mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək" layihəsi çərçivəsində aparılıb.

AMZA-nın sədri Rey Kərimoğlu bildirib ki, layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərərçəkmiş şəxslərin 11 rayon və şəhərdə siyahısı müəyyənləşdirişib, "İnformasiyanın idarə edilməsi sistemi" üzrə sorğular keçirilib. Layihənin icrası və "Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat", "Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi" adlı anketlərin doldurulması üçün minadan zərərçəkən 866 nəfər sorğulara cəlb olunaraq, toplanmış materiallar təhlil edilib.

Bu məlumatlardan mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə proqramların hazırlanması üçün istifadə oluna bilər.

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMA-nın, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinə və aidiyyatı üzrə dövlət orqanlarına minnətdarlığını bildirib.

Daha sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib.

Tədbirdə ANAMA, BAMF, ABŞ səfirliyi, BMT-nin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar layihənin vacibliyini vurğulayaraq, görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndiriblər.

 

Chosen
18
13
azertag.az

10Sources