EN

“Harri Potter”in yazıldığı məkandan REPORTAJ

Dünyada ən çox təqibçisi olan Harri Potter haqqında sehrli hekayənin doğulduğu Portuqaliyanın Porto şəhərindəki heyrətamiz yer haqqında az adam bilir. “Lello & Irmão” - “Livraria Lello” şəhərin əsas mədəni yerlərindən biridir. Bu, yüz ildən artıqdır ki, qorunub saxlanılan, gənclik ruhu ilə dolu, azad düşüncəli bir kitab məkanıdır.

Əsasən kitab mağazası olsa da, daha çox kitabxana kimi məşhurdur. Şayiələrə görə, məşhur ingilis yazıçısı Coan Ketlin Roulinqin “Harri Potter” yazmaq ilhamı Portoda, xüsusən də bu kitabxanada başlayıb. Tanınmış yazıçı 1990-cı illərin əvvəllərində ingilis dili müəllimi işləyərkən 10 il Portoda yaşayıb. Yazıçı Lellonun kitab mağazasının ikinci mərtəbəsində bir fincan qəhvə içməyi və burada kitablar arasında vaxt keçirməyi xoşlayırmış.

Portuqaliyanın ən qədim kitab mağazası

Portuqaliyanın ən qədim kitab mağazasına daxil olmaq üçün onlayn bilet almaq (8 avro) lazımdır. Ancaq bu, ziyarətçiyə uzun növbəni keçmək hüququ vermir. Sadəcə, məkana daha tez daxil olmaq üçün mağaza açılmamışdan - 9.00-9.30-dan əvvəl gəlmək məsləhət görülür. Bu vaxt turistlər çox olmur.

Mağazaya daxil olmaq üçün biletin onlayn alınması şərtini mağazanın qarşısında öyrənirəm. Gözləmək üçün vaxtımın az olduğunu, uçuşa gecikəcəyimi izah edincə xanım bələdçi uzun növbənin arasından mağazaya daxil olmağıma şərait yaradır…

Kitab evinin qapılarından içəri girəndə tavana qədər taxta rəflər, ikinci mərtəbəyə aparan nəhəng pilləkən, zərif taxta divarlar, eləcə də oyma ağacı təqlid edən dekorativ elementlərlə bəzədilən vitraj diqqəti cəlb edir. Kitab evinin fasadı neo-qotik üslubda hazırlanıb. Mağazada kitablar olan arabanın daşındığı relslər var.

Bura qeyri-adi interyerinə görə bir çox səyahətçi və ekspertlər tərəfindən dünyanın ən mükəmməl kitab mağazalarından biri kimi tanınıb. Dəfələrlə müxtəlif nəşrlər - xüsusən, “The Guardian”, “Süddeutsche Zeitung” və “Lonely Planet” tərəfindən dünyanın ən gözəl kitab mağazalarının siyahısına daxil edilib. İnsanlar məkana baxmaq və bir neçə şəkil çəkmək üçün saatlarla ən uzun növbədə dayanmağa hazırdırlar.

Xose Lellonun xəyalı

Mağazaya gələnlər ilk növbədə onun tarixi haqqında öyrənməyə çalışırlar. Kitab mağazasının tarixi 19-cu əsrin sonlarından başlayır. O vaxt Portoda yaşayan, oxumağa və musiqiyə sevgisi olan Xose Lello ədəbi qəhrəmanların enişli-yoxuşlu həyatına qərq olaraq onlarla empatiya qurmağı və kitab satmağı xəyal edirdi. Nəhayət, onun arzusu gerçəkləşir. 1881-ci ildə qardaşı Antonio ilə birlikdə Almada küçəsində ilk kitab mağazasını açır. Daha sonra o, qardaşı ilə Karmelitas küçəsində başqa mağaza istifadəyə verir. Mühəndis Francisco Xavier Esteves tərəfindən layihələndirilən bina Xosenin romantik xəyallarına uyğun gəlir. “Lello və qardaşı” yazısının üstündə elm və incəsənəti təcəssüm etdirən iki qadın silueti var.

Lello qardaşlarının nəşriyyatı zamanla Portuqaliyanın ən böyük nəşriyyatına çevrilir. Anbarlarında 20-ci əsrin əvvəllərində portuqal müəlliflərinin 3 000 adda əsəri var idi. Nəşriyyat və mağaza xarici həmkarları ilə əlaqələr qurur və ən yaxşı portuqal yazıçılarının əsərlərini nəşr etdirir. Böyük salonda, sütunların altında Camilo Castelo Branco, Esa de Queiroz, Antero de Quental, Tomas Ribeiro, Teofilo Braga və Guerra Junqueironun büstləri də bu sevgini əks etdirir.

İkimərtəbəli rahat bina 1906-cı il yanvarın 13-də həm Portuqaliya, həm də Braziliya cəmiyyəti üçün mühüm sosial tədbirin bir hissəsi olaraq istifadəyə verilib. Mağazanın açılışı görkəmli siyasətçiləri, rəssamları və şəhərin elitasını bir araya gətirib və onlar məkanın ideoloji ilhamçısı Xose Lellonun xəyalının gerçəkləşməsini alqışlayıblar. Məşhur portuqal yazıçısı Guerra Junqueiro da açılışda iştirak edib. İndi kitab evində yazıçının guşəsinin olması da təsadüfi deyil.

1981-ci ildə Portuqaliyanın Mədəniyyət Nazirliyinə binanın mədəniyyət abidələri siyahısına daxil edilməsi təklif olunub. Bu proses yalnız 20 sentyabr 2013-cü ildə, “Livraria Lello” ictimai əhəmiyyətli abidə kimi tanındıqda tamamlanıb.

Chosen
36
2
publika.az

10Sources