EN

Rusiyanın durumu rusiyalı ekspertin dili ilə: "Bu, Moskva üçün əlavə yük olar” - MÜSAHİBƏ

Suriya Bəşər Əsədin devrilməsindən sonra yeni bir dövrə qədəm qoydu.

Bəs sonra nə olacaq? Suriya hara gedəcək? 

“Cümhuriyət”-ə müsahibəsində rusiyalı politoloq, siyasi araşdırmalar institutunun direktoru Sergey Markov cavab verib:

-Sergey Aleksandroviç, sizcə, Yaxın Şərqdə güc balansı necə dəyişəcək və üsyançılar Suriyada sabitlik yarada biləcəklərmi?

-Suriyadakı vəziyyət bir çox sual doğurur və bu sualların cavablarını tapmaq çətindir. Bu sualların bir qismi keçmişlə, digər qismi isə gələcəklə bağlıdır. Əvvəlcə keçmişlə bağlı suallardan başlamaq istəyirəm, çünki onların böyük əhəmiyyəti var. Əsas məsələ keçmişlə əlaqəli görünən bu sualların əslində gələcəyə yönəlmiş olmasıdır. Bu sual konkret olaraq, niyə Bəşər Əsəd rejimi devrildi? Mən indi izah edəcəyəm ki, bu sualın gələcəklə nə əlaqəsi var.

Birincisi, hər kəs bu prosesin daxili mexanizmini başa düşmək istəyir ki, digər rejimlər necə devrilə bilər sualına cavab tapsın. Məsələn, hazırda ABŞ və bəzi Avropa ölkələri, o cümlədən İsrail, İran rejiminin də devrilməsini çox istəyir. Onlar başa düşmək istəyirlər ki, Suriyada baş verən hadisələri İranda da təkrarlamaq mümkündürmü? Bu səbəbdən Qərb dövlətləri bu məsələləri diqqətlə öyrənirlər.

Bundan əlavə, Qərb ölkələri Ukrayna rejiminin də devrilə biləcəyindən narahatdırlar. Çünki onlar görürlər ki, Suriya rejimi 13 il ərzində şiddətli mübarizə aparsa da, 13 gün ərzində süquta uğradı. Ukrayna rejimi də təxminən üç ildir şiddətli mübarizə aparır, amma bəlkə də o da eyni sürətlə süquta uğraya bilər.

Qərb ölkələri öyrənmək istəyirlər ki, Ukrayna rejiminin Suriyadakı rejimlə ortaq xüsusiyyətləri varmı? Onun da süquta uğramasına səbəb ola biləcək hansısa amillər varmı?Eyni zamanda, Rusiyaya da diqqət yetirirlər. Onlar soruşurlar ki, bəlkə Rusiya rejimi də Suriyada olduğu kimi süquta uğraya bilər? Rusiyanın Suriyayla ortaq hansı xüsusiyyətləri var?

Əgər belə ortaq cəhətlər varsa, bunları inkişaf etdirmək lazımdırmı? Maraqlıdır ki, qərblilər bu cür ortaq məqamları tapırlar. Suriya, İran və Rusiyanı birləşdirən əsas məsələlərdən biri sanksiyalardır.

Bəşər Əsəd rejiminin süqutu ilə bağlı qərbin çıxardığı əsas nəticələrdən biri iqtisadi sanksiyaların böyük əhəmiyyət kəsb etməsidir. Yəni, belə hesab olunur ki, Bəşər Əsəd rejiminin devrilməsinin əsas səbəblərindən biri məhz iqtisadi sanksiyalar olub.

Suriyada rejimin süqutunun səbəbləri arasında əsas faktor kimi sanksiyaların göstərilir. Bəşər Əsəd rejimi sanksiyalar səbəbindən ölkənin iqtisadiyyatını bərpa edə bilmədi. Vətəndaş müharibəsindən əvvəl adambaşına düşən gəlir 3000 dollar olduğu halda, müharibədən sonra bu rəqəm 1000 dollara, pandemiyadan sonra 500 dollara qədər azaldı. Müharibə bitdikdən sonra belə sanksiyalar səbəbindən bu gəliri artırmaq mümkün olmadı. Bununla yanaşı, ABŞ Deyr-əz-Zor bölgəsindəki neft-qaz resurslarını nəzarətə aldı və bu resursları Suriya hökumətinə qaytarmadı. Belə bir yoxsulluq şəraitində ordunun maliyyə vəsaitlərinin olmaması yeni müharibələrdə döyüşmək istəməməsi ilə nəticələndi.

Beləliklə, Çin dəstəklərini azaldacaq və müttəfiqləri olan Rusiya və İranla əlaqələr zəifləyəcək. ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar bu strategiyanın tərkib hissəsi kimi görünür. Nəticədə Çin şirkətləri Rusiya ilə əməkdaşlıqda daha çox çətinliklərlə üzləşir və bu, Rusiyanın iqtisadiyyatına və hərbi sənaye kompleksinə ciddi zərbə vurur.

- “Heyət Təhrir əş-Şam”  mötədil islamçılardır? Əsəd rejimi devrildikdən sonra Suriya nə qədər azad olacaq?

-Suriya üçün müxtəlif inkişaf ssenariləri var. “Heyət Təhrir əş-Şam” təşkilatı “Taliban” ilə İŞİD arasında bir mövqe tutur. Son zamanlar isə “Taliban”la müqayisədə daha mülayim yanaşma nümayiş etdirir. Məsələn, Suriya qadınlarına hicab geyinməyi məcburi etməməklə bağlı tövsiyələr verilib. Bundan əlavə, Hələbdəki hərbi komendant xristian icmalarının nümayəndələri ilə görüş keçirib və onlara yeni hakimiyyət dövründə təzyiqlərə məruz qalmayacaqları ilə bağlı zəmanət verilib.

Bu, “Heyət Təhrir əş-Şam”ın radikal olmayan bir rejim quracağına dair ümidləri artırır. Lakin digər ehtimallar da var:

1. Əgər Qərb ölkələri aktiv müdaxilə edərsə, Suriyada demokratik bir dövlət qurula bilər, lakin bu ssenarinin reallaşma ehtimalı azdır.

2. Hakimiyyətə radikal islamçı bir rejimin gəlməsi mümkündür. Bu rejim “Taliban” və ya İran modelinə yaxın olacaq, bu da cəmiyyətin islamlaşmasını və digər icmaların sıxışdırılmasını gətirib çıxaracaq. Nəticədə böyük daxili problemlər və kütləvi miqrasiyalar baş verə bilər.

Bu vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək.

3.Əgər mülayim islamçı bir rejim yaranarsa, demək olar ki, islam qaydaları tətbiq ediləcək, amma digər azlıq qrupları da özlərini tam şəkildə reallaşdırma imkanı tapacaqlar. Hətta bu variant çox ehtimal olunur. Məncə, bu variant ən çox ehtimal olunandır.

4.Çox ehtimal olunan bir digər variant isə yeni bir formada vətəndaş müharibəsinin başlanmasıdır. Burada mərkəzi hökumət kürdlərə qarşı müharibə edəcək, Türkiyə tərəfdarı olan Suriyalı Milli Ordu kürdlərə qarşı mübarizə aparacaq, mülayim islamçılar radikal islamçılara qarşı mübarizə aparacaq və bəlkə də İŞİD yenidən aktiv olacaq, druzlar, ələvilər də döyüşəcək. Yəni, əslində hər tərəfin bir-birinə qarşı mübarizə apardığı geniş bir vətəndaş müharibəsi baş verə bilər.

Bundan əlavə, iki kompromis variantı da mövcuddur. Birincisi, federativ Suriya yaratmaqdır, yəni müxtəlif fərqli bölgələr müəyyən dərəcədə müstəqil olacaq, hər birinin özünün müəyyən muxtariyyəti olacaq. 

İkinci variant isə, Suriya ərazisinin yarıparçalanmasıdır, yəni konfederativ bir Suriya. Bu zaman müxtəlif bölgələr formal olaraq bir dövlətdən birləşmiş olsa da, faktiki olaraq müstəqil hökumətlərə sahib olacaq. Bu, çox ehtimal olunur. Bəzi bölgələr yarı-müstəqil olacaq və vətəndaş müharibəsinin qarşısını alacaq.

Mən Suriyanın tam parçalanmasını ehtimal etmirəm. Əsas səbəb odur ki, dünya güclərinin əksəriyyəti bunu dəstəkləmir və bu bölgələrdəki müstəqil dövlətlərə qarşı öz ərazi bütövlüklərini qorumaq istəyirlər. Çünki bir çox ölkədə əhalinin əksəriyyəti azlıq qruplarından ibarətdir və belə bir hal özlərinə ziyan vuracaq. Yalnız keçmiş Yuqoslaviya və keçmiş SSRİ-nin parçalanması istisna təşkil edir, çünki bu, Qərbin xüsusi olaraq həyata keçirdiyi bir siyasət idi.

Qərb mətbuatı Rusiyanın böyük bir məğlubiyyətə uğradığını bəyan edir. Bu, həqiqətən də Rusiyanın məğlubiyyətidir, amma İranın məğlubiyyətindən böyük deyil. Çünki Bəşər Əsəd rejimi əvvəlcə İranın dəstəyinə əsaslanırdı və İranın nəzarətində idi. İraq üçün bu, tam bir fəlakətdir. İran “Hizbullah”ın Cənubi Livanda mübarizəsində məğlub oldu. İran Qəzza sektorunda İsrailə məğlub oldu. İndi isə Suriyada İran məğlub olub. Bu da onu göstərir ki, İran artıq “Hizbullah”ı Suriyadan quru yolu ilə təmin edə bilmirdi. İndi yalnız dəniz yolu ilə bu təminatı həyata keçirə bilər, amma İsrail bu bölgəni effektiv şəkildə bloklamağa çalışacaq.

İranın Suriyadakı strukturları məhv edilib, buna görə də çox çətin bir vəziyyətdədir. İndi İranın nə edəcəyi ilə bağlı üç variant var: 

Birincisi, Qərblə kompromis axtarmaq, şərtləri ilə razılaşmaq.

İkincisi, birbaşa nüvə silahı hazırlamaq, çünki bəzilərinin dediyinə görə, İran bu silahı yalnız bir neçə ay içində hazırlaya bilər.

Üçüncüsü, hibrid və ya böyük bir müharibəyə hazırlaşmaqdır.

Rusiya üçün vəziyyət də pisdir. Əvvəlcə, bu, Rusiyanın ən uğurlu layihələrindən birinin uğursuzluğa uğramasıdır. Bundan əlavə, Rusiya təhlükəsizlik təminatı verən bir ölkə kimi statusunu ciddi şəkildə itirir. Bu, yalnız Suriyaya aid deyil, həm də bütün digər ölkələrə də aiddir. Əgər Suriyada hər şey belə pis bitərsə, digər ölkələr də bu tip müttəfiqlərə qarşı yanaşmalarını yenidən nəzərdən keçirəcəklər.

- Əsəddən sonra Rusiyanın Suriyadakı hərbi bazalarının aqibəti necə olacaq? Əgər Rusiya ordusunu Suriyadan çıxarsa, Rusiya- Ukrayna müharibəsi necə davam edəcək?

-Rusiyanın hərbi bazaları məsələsində problem yaradır. Tartusda yerləşən Rusiya hərbi bazası artıq 50 ildən çoxdur ki, oradadır, oranı tərk etmək çox acı olar. Bu, Rusiyanın Yaxın Şərqdəki tək dəniz bazasıdır və burada Rusiya gəmiləri təmir edilə və yanacaq ala bilir. Hmeymim hərbi hava bazası isə xüsusilə vacibdir, çünki bu baza vasitəsilə Rusiya hərbi strukturları müxtəlif Afrika ölkələrinə əlaqə saxlayır. Hmeymim bazası olmadan bu əlaqənin necə qurulacağını söyləmək çətindir.

Hər halda yenidən Rusiya ilə danışıqlar aparmaq istəyəcəklər. Həmçinin, Türkiyə də yeni hakimiyyətlərlə münasibətləri yaxşılaşdırmaq istəyə bilər. Türk tərəfi qeyd edib ki, dünyada yalnız iki lider var, biri Putin, digəri Ərdoğan.

Bir başqa məqam isə Bəşər Əsədin Rusiyanın müttəfiqi olsa da, tamamilə ona bağlı olmamasıdır. Məsələn, 2015- 2018-ci illərdə Suriya şəhərlərində Putin və Rusiya bayraqları çox geniş yayılmışdı. Ancaq son illər onlar çox azalmışdı və ya heç olmamışdı. Bunun səbəbi  Suriyanın bəzi bölgələrinin Rusiya hökumətinin məsləhətlərini qəbul etməməsi idi.

O ki qaldı Rusiya -Ukrayna müharibəsinə, Rusiyanın Suriyadakı hərbi mövcudluğu bitsə, bu, Moskva üçün strateji itki olar. Lakin bu, Ukrayna müharibəsinin taleyini dəyişdirməyəcək. Rusiya üçün əsas prioritet Ukraynadakı vəziyyətdir. Suriyada mövcudluq yalnız bir xarici siyasət elementidir. Bu, Rusiya üçün  əlavə yük olar, amma Ukraynadakı vəziyyətin dəyişməsinə birbaşa təsir etməyəcək.

Chosen
74
cebheinfo.az

1Sources