EN

ABŞ-dəki azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər

ABŞ-nin Kaliforniya ştatında Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişinə həsr olunmuş tədbir keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan icmasının üzvləri, diplomatlar, yerli bələdiyyə orqanları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecənin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gecədə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulu Vuqar Qurbanov Həmrəylik Gününün tarixi barədə geniş məlumat verib: “Bu tarixin rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul edib”.

Konsul qeyd edib ki, ötən illər ərzində dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar öz milli kimliklərini qoruyub saxlayaraq birlik və həmrəylik duyğuları ilə hərəkət ediblər. Diplomat həmyerlilərimizi təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq diləyib.

Tədbirdə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Sevil Boisvert çıxış edib. O, həmvətənlərimizin ABŞ-də aktiv fəaliyyətlərindən bəhs edib və birlik içərisində çalışmağın əhəmiyyətinə diqqət çəkib.

Tədbirin bədii hissəsində qarmon ustası Xəqani Səmədov, müğənni Asif Yusifov, Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyət göstərən və mədəniyyətimizi müxtəlif festivallarda təmsil edən xoreoqraf Rozi Alməmmədovanın rəhbərliyi ilə rəqs ansamblının üzvləri çıxış edib.

Chosen
62
3
report.az

4Sources