EN

Biz niyə yaxşılıq etməliyik? - Tural İrfan yazır

Kant deyirdi ki, başqa bir dünya var deyəmi yaxşılıq etməliyik?
Məhz İslamda ona görə abidlər üç qismə bölünür. 1. Dünya, maddi mənafe, şöhrət üçün ibadət edənlər; 2. Axirətdə Cənnət qazanıb kef çəkmək niyyəti ilə ibadət edənlər. Bunlar alverçidir; 3. Nə Cənnət umaraq nə də Cəhənnəmdən qorxaraq ibadət edənlər. Allaha sırf minnətdarlıq hissi ilə, yalnız Onun rızası üçün ibadət edənlər. Bunlar əsl möminlərdir.
Hanı adamdır. Amma insan olmaq hamıya nəsib olmur. İnsanlıq tam başqadır. Adam var ki, abiddir, zahiddir, amma hələ insan ola bilməyib.
Cəmil Məric deyir ki, yaxşılıq edən qarşılıq gözləyirsə sələmçidir.
Savab qazanmaq üçün ibadət edənlər də alverçidir. Yəni, Allaha yaxşılıq satıb əvəzində nəsə qazanc əldə edənlər. Eybi yox, Allah bunu da qəbul edir. Deyir, madam mənin rızam üçün edə bilirsənsə əvəzində verəcəyimin müqabilində yaxşılıq et. Narahat olma, əvəzini verəcəm...
Necə deyərlər əsl insanlıq, möminlik isə tam təmənnasız ediləndir. Bəzi ateistlər var ki, onlar da yaxşılıq edir. Hətta adlarının çəkilməsini istəmirlər. Demək adamların imanı olmasa da vicdanı var, insandırlar. Amma özünü müsəlman hesab edən də var ki, etdiyi cüzi ibadəti yaxud xeyirxahlığı əlli dəfə dilə gətirir, minlət qoyur, reklam edir.
Rabiətul Ədəviyyənin bu duası məşhurdur: "İlahi, əgər cənnət umaraq sənə ibadət edirəmsə məni cənnətinə həsrət qoy. Yox, cəhənnəmdən qorxaraq ibadət edirəmsə məni cəhənnəminə qoy. Məni sırf sənin rızan üçün ibadət edənlərdən qərar ver."
Dostum danışırdı ki, bir kəndçimiz ailəlikcə oruc tutmuşdu. Sahədən otu gətirib tayaya yığanda külək qalxıb otu dağıtdı. Kişi oğullarını da çağırıb dedi, su gətirin orucumuzu açaq. Yönünü göyə çevirib qəzəblə davam etdi: mən bunun üçün oruc tuturam, bu da mənim otumu dağıdır...
Şübhəsiz ki, cahil adam, avam adam üzrlüdür. Amma nə qədər cahil olsan da sadə məntiq var. Hətta ağılsız deyilən heyvanların da özünə məxsus məntiqi, hərəkət, yaşam nizamı var.
Çoxsaylı ziyarətə gedənlər var. Pirlərə, ziyarətgahlara, ocaqlara. Demək olar ki, 99 faizi alver məqsədi ilə gedir. Yəni, mən sənə bunu gətirmişəm, sən də mənə onu ver. Sənə pul, qurban gətirmişəm, sən də mənə daha çox pul ver, vəzifə nəsib et. Sanki istənilən mənbə də rüşvətxor məmurdur yaxud acgöz bir varlıqdır ki, nəsə almasa vermir, həll etmir. Əstəğfirullah... Bu din deyil, biznesdir.
Bu inanc Allahı da müqəddəs hesab olunan o mənbələri də təhqir etməkdir. Onlara rüşvət şamil etməkdir.
Qurana görə Allah insanın şah damarından da ona yaxındır. 2 şəxsin 3-cüsü, 3 adamın 4-cüsü Allahdır. Bunu Quranda Allah özü vurğulayır. Bəs onda Allahın yanında, Allah da sənin yanında olduğu halda hansı allahın yanına gedirsən nəzir də götürüb?
Kəbə ziyarəti başqa. Onu Allah özü əmr edib. Onun mahiyyəti başqadır, ümmətin ildə bir dəfə toplanması, tanışması, dünya müsəlmanlarının sosial, ictimai, iqtisadi əlaqələrin inkişafı üçündür. Əgər cümə günü bir şəhərin əhalisi birgə ibadət edirsə, Həccə zamanı dünyanın hə yerindən gələn müsəlmanlar bir yerdə ibadət edir.
Tural İrfan, ilahiyyatçı yazar
Chosen
6
news365.az

1Sources