EN

"Biz təqsirləndirilən şəxslə barışmışıq" - Havvaxanım Rüstəmovanın məhkəməsi başladı

Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prosesdə zərərçəkmiş şəxslərin kimliyi müəyyən edilib.

Bundan sonra cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə edilib. Dövlət ittihamçısı Orxan Səmədov cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Zərərçəkmişlər də buna etiraz etməyiblər. Onlar təqsirləndirilən şəxslə barışdıqlarını deyiblər.

Təqsirləndirilən şəxs və onun müdafiəçisi də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
Daha sonra hakimlər cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediblər.
Məhkəmə baxışı dekabrın 23-ə təyin olunub.

Qeyd edək ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir. Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.
Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilib.

Havvaxanım Rüstəmovanın cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb. Zərəçəkmişlər içində Dövlət Sosial Müdafifə Fondu da var.

Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.


Müəllif: Hacı Zeynalov
Chosen
35
teleqraf.com

1Sources