EN

Biznesmenin oğlu həbsdən buraxılmayıb

Biznesmenin

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Reyting.az 
"Qafqazinfo"ya istinadən xəbər verir ki, "plazalar kralı" kimi tanınan şəxsin vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Habil Məmmədov isə işlə tanış olduqdan sonra təbiətə külli miqdarda ziyanvurma ittihamı ilə qarşısında dayanan şəxs barəsindəki əvvəlki qərarı qanunauyğun hesab edib.

Yekun qərarla Qafar Dəmirçi barəsindəki 3 aylıq həbs qətimkan tədbiri qərarı bir daha təsdiqlənib.

Onun istintaqdan gizlənmə, yer dəyişdirmə, ibtidai araşdırmaya mane ola biləcəyi ehtimalları da nəzərə alınaraq qətimkan tədbirinin növü dəyişdirilməyib.

Qeyd edək ki, Qafar Dəmirçi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi "Monte Ferro" şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa, Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, "AQA Şirkətlər Qrupu"nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə plazalar - "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və başqaları daxildir. Bundan əlavə şirkət maliyyə ("Ferrum Capital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), informasiya texnologiyaları ("Bravo Online Systems"), turizm və hotelçilik ("Da Vinci" və "Caspian Palace" hotelləri) sahələrində də fəaliyyət göstərir.
Chosen
13
reyting.az

1Sources