EN

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Ötən həftə ABŞ-də dərc olunan İstehlak Qiymətləri İndeksi göstəriciləri fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşıb. EURUSD, GBPUSD valyuta cütlükləri 1.0497 və 1.2618 səviyyələrinə qədər ucuzlaşıb, USDJPY, USDCHF məznnələri isə 153.650 və 0.8930 hədlərinə kimi bahalaşıb. Qızılın qiyməti isə 2726$ həddini test etdikdən sonra 2648$ həddinə qədər kəskin geriləyib.

ABŞ-nin Əmək Nazirliyinin verdiyi məlumata əsasən, ölkədə illik inflyasiya oktyabr ayı ilə müqayisədə noyabr ayında 2.6%-dən 2.7%-dək artıb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi noyabr ayında 0.2%-dən 0.3%-ə qədər yüksəlib. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (Core CPİ) aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.3% artıblar.

Avropa Mərkəzi Bankının (ECB) dekabrın 12-də keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb.

Ötən həftə, həmçinin Kanada Bankı (BoC) və İsveçrə Milli Bankı faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayıblar. Hər iki tənzimləyici qurum uçot dərəcəsini 0.50% azaldıb. BoC Faiz dərəcələrini 3.75%-dən 3.25%-dək, 1%-dən 0.50%-ə dək endirib. Qeyd etmək lazımdır ki, BoC ardıcıl 5-ci toplantıdır ki, faiz dərəcəsini azaldıb.

Bu həftə isə birjaların diqqət mərkəzində FED-in Federal Ehtiyyatlar və Birjalar Komitəsinin (FOMC) və İngiltərə Mərkəzi Bankının (BoE) və Yaponiya Mərkəzi Bankının (BoJ) faiz qərarları olacaq.

Cari həftə ərzində iqtisadi təqvimdə yer alan önəmli xəbərlər arasında Amerikada, Avrozonada, İngiltərədə və Kanadada dərc olunacaq inflyasiya göstəriciləri, İngiltərədə yayımlanacaq əmək bazarı hesabatı yer alır. Həftə ərzində, həmçinin Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri, eləcə də, Amerikada yayımlanacaq ÜDM hesabatı birjalara yön verə bilər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının (ECB) dekabrın 12-də keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 3.40%-dən 3.15%-ə qədər endirilib. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Qeyd etmək lazımdır ki, ECB ardıcıl dördüncü iclasında uçot dərəcəsini endirib. Depozit dərəcəsi 3%-ə, marjinal kreditləşmə dərəcəsi isə 3.4%-ə qədər azaldılıb.

Monetar siyasətin yumşaldılması Avrozonada inflyasiyanın noyabr ayında 2%-dən 2.3%-ə qədər sürətlənməsinə baxmayaraq baş tutub. Bu sürətlənmə proqnoz olunurdu.

Tənzimləyici qurum 2024-cü ildə Avrozonada istehlak qiymətlərinin artım tempinin 2.4%, 2025-ci ildə 2.1%, 2026-cı ildə isə 1.9% olacağını proqnoz edir.

Ötən həftəyə 1.0550 səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0450 səviyyəsinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşıb və həftəlik şamını elə 1.05$ civarında tamamlayıb..

Günün ilk ticarət saatlarında 1.0515 hədlərində qərarlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Avrozonada və Almaniyada açıqlanacaq CPİ, eləcə də, sənaye və xidmət sektorlarında PMİ rəqəmlərini diqqətdə saxlayacaqlar.

GBP

Keçən həftəyə 1.2730 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində ucuzlaşıb və həftəni 1.2620 səviyyəsində tamamlayıb.

Bu həftə isə İngiltərədə çərşənbə axşamı açıqlanacaq əmək bazarı hesabatı, çərşənbə günü isə dərc olunacaq İstehlak Qiymətləri İndeksi və BoE-nin faiz qərarı birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Noyabrın 26-dan bəri üfüqi dalğalanma sərgiləyən qızıl qiymətlərində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Amerikada dərc olunacaq ÜDM və inflyasiya hesabatları, eləcə də, FED-in fazi qərarını yaxından izləyəcəklər.

ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.

Ötən həftəyə 2644$ həddində start verən “sarı metal” 2726$ həddini test etdikdən sonra yenidən ucuzlaşıb və həftəlik şamını 2649$ həddində tamamlayıb. Hazırda 2650$-dan ticarət olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Chosen
33
50
apa.az

10Sources