EN

Özbəkistan nümayəndələri Azərbaycanın vergi sahəsində təcrübəsi ilə əyani tanış olublar

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin nümayəndələri Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş təcrübəsi ilə əyani tanış olublar.

Bu barədə Olaylar Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Dövlət Vergi Komitəsinin idarə rəisi Firdavs Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan - Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə imzalanmış sənədlərin uğurlu icrası ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

Görüş zamanı "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətləri, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığının inkişaf prioritetləri müzakirə edilib. Özbəkistan nümayəndə heyətini maraqlandıran əsas məsələlərdən biri ölkəmizdə ƏDV inzibatçılığı sahəsində tətbiq olunan təcrübə olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 3 gün davam edəcək səfər zamanı qonaqlar ƏDV inzibatçılığı, ƏDV depozit hesabları, "ƏDV geri al" layihəsi, qanunvericilikdə bu məsələlərin tənzimlənməsi sahəsində atılan addımlarla bağlı ətraflı tanış olacaqlar.

Görüşdə işgüzar səfərlərin, aparılan müzakirələrin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında rolu xüsusi qeyd olunub və tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
17
olaylar.az

10Sources