EN

Yeni ildə yolka bəzəmək adətinin TARİXÇƏSİ – Bu ənənə ilk dəfə harada YARANIB?

Yeni il ərəfəsində yolka bəzəmək artıq bir adət halını alıb. Hər il dünyada Yeni il üçün evləri və şəhərləri bəzəmək üçün orta hesabla 5,5 milyard dollar xərclənir. Mərkəzi küçələrdə bayram yolkalarının quraşdırılması isə bir şouya çevrilib.

Yolka Yeni ilin simvoluna necə çevrildi?

Tarix boyu dünyanın müxtəlif xalqları yeni ilin gəlişi ilə müxtəlif ağacları - ladin, şam, küknar və  xurma ağaclarını, eləcə də papirus kimi həmişəyaşıl bitkiləri xüsusi zövqlə bəzəyiblər. Qədim Misirdə məbədləri və evləri bəzəmək üçün məhz xurma ağacları və papiruslardan istifadə edilirdi. Misirlilər evlərini həmişəyaşıl bitkilərlə bəzəyirdilər ki, uzun sürən xəstəlikdən sonra qış dönəmində gücünü bərpa etməyə başlayan günəş tanrısı Raya hörmətlərini bildirsinlər.

Sonralar bu ənənə Qədim Roma tərəfindən qəbul edildi. Romalılar Saturnaliya adlı bütöv bir festivalı qış gündönümünə həsr edirdilər. Bunun üçün evlərini ladin və küknar budaqları ilə bəzəyirdilər. Bu həmişəyaşıl bitkilərin yeni ildə məhsuldarlığı təmin edəcəyinə inanırdılar.

İlk yeni il çələngləri isə indiki Skandinaviyada yaşayan vikinqlər tərəfindən icad edilib.

Onlar qış ortası bayramı - Yule üçün həmişəyaşıl bitkilərdən çələnglər düzəldirdilər. Sonra çələnglər yandırılır və günəşi tez bir zamanda “geri qaytarmaq” ümidi ilə dağdan yuvarlayırdılar.

Milad ağaclarını da ilk dəfə yolka kimi bəzəmək ənənəsi də vikinqlərdən gəlir. Onlar öz tanrıları - Yule üçün həmişəyaşıl ağacların üzərinə paltar və yeməklər asırdılar ki, baharı gətirmək üçün meşə ruhları sakitlik tapsın.

Yeni il ağacının bu gün bildiyimiz formada görünməsinin tarixi orta əsrlərdə xristianlığın yayılması ilə başlayır. Ağaclara sitayiş və onların bəzəyi müstəsna bütpərəstlik ənənəsi hesab olunur.

Rusiyada yeni il ərəfəsində şam ağacının bəzədəliməsi ənənəsinin sahibi I Pyotrdur.

Avropaya səfərdən dönən Pyotr yeni ilin yanvarın 1-də qeyd olunmasını və evlərdə şam ağaclarının bəzədilməsi ilə bağlı 1699-cu il fərman imzaladı. Lakin 1924-cü ildə Lenin tərəfində şam ağacının bəzədilməsi qadağan edildi. Proletariatın rəhbəri bu bayramı dinlə bağlayırdı. Leninin qurduğu yeni hökumətin ideyası isə ateizm idi.

Uzun fasilədən sonra Kremldə ilk şam ağacı 1937-ci ildə bəzədildi. Ötən əsrin 70-80-ci illərində isə şam ağacının bəzədilməsi sırf kommersiya məqsədilə populyarlaşdı. Təbii ki, SSRİ-nin bir parçası olan Azərbaycanda da o zamandan başlayaraq şam ağacının bəzədilməsi ənənə halını aldı. Bu ənənə indi də davam edir.

Yolka haqqında maraqlı faktlar:

- Böyük Britaniyada Milad ağacı 19-cu əsrin ortalarında Kraliça Viktoriyanın əri və əslən alman olan Şahzadə Albert tərəfindən populyarlaşdırılıb.

- Yeni il ağacı Amerikada 19-cu əsrin sonlarında Almaniyadan gələn mühacirlər sayəsində meydana çıxıb. Alman yolkaları kiçik idi, lakin amerikalılar döşəmədən tavana qədər uzanan ağaclara üstünlük verirdilər.

- İlk süni yolkalar 19-cu əsrdə Almaniyada meydana çıxıb. Həmin süni yolkanın "iynələr"i yaşıl rəngə boyanmış qaz tüklərindən hazırlanırdı. Almaniyada iynəyarpaqlı meşələrin kəsilməsini dayandırmaq üçün süni yolkalar hazırlanmağa başlandı.

- Gümüş yolka, daha dəqiq desək, alüminium yolka 1950-ci illərin sonlarında ABŞ-da icad edilib.

- Avropada həmişəyaşıl ağaclar hələ də Milad simvolu hesab olunur. Onların zirvələri çox vaxt Xilaskarın doğumunu qeyd edən Bethlehem Ulduzu ilə bəzədilir.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
21
bizim.media

1Sources