EN

Suriya: Ankaranın təhlükəsizlik prioritetləri, Qətərin iqtisadi dəstəyi...

Dəməşq post-Əsəd mərhələsinə hazırlaşır

Vüqar Zifəroğlu: Türkiyə ilə Suriya arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq

Əsəd rejiminin yıxılmasının ardından Suriyada yaşanan gərginlik hələ də davam etməkdədir. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ümumdünya Ərzaq Proqramı (WFP) Suriyada 2,8 milyon insanı qidalandırmaq üçün növbəti altı ayda 250 milyon dollara ehtiyac duyduğunu bəyan edib. Bunu WFP -nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korin Fleyşer “X” hesabında yazıb. O bildirib ki, suriyalılar çətin an yaşayırlar: “Çoxlu müharibə və qaçqınların daxili yerdəyişməsindən sonra onlar sağ qalmağın astanasındadırlar. Qarşıdakı altı ayda 2,8 milyon insana ərzaq yardımı göstərmək üçün 250 milyon dollara ehtiyacımız var”.

Hazırda Türkiyə Suriyaya humanitar yardım göstərməkdədir. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında bildirilir ki, terrordan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.

8 min suriyalı Türkiyəni tərk etdi, Danimarka isə 27 min avro verəcək...

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb. Yerlikaya deyib ki, Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfərdir. Dekabrın 9-dan 13-ünə kimi isə 8 minə yaxın suriyalı öz vətəninə qayıdıb.

Danimarka hökuməti isə suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıtmasını təşviq etmək repatriasiya proqramı təqdim edib. Proqrama əsasən, hər bir qaçqına ölkəsinə qayıdış müqabilində 27 000 avro, hər bir uşaq üçün isə əlavə 6700 avro maliyyə dəstəyi təklif olunur. Proqramın əsas məqsədi qaçqınların təhlükəsiz şəkildə vətənlərinə qayıdışını təmin etməkdir.

Fidan: Bayden dedi ki, biz Bəşərin getməsini istəmirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada gedən prosesləri yaxından izlədiklərini bildirib. “Milliyyət”in yaydığı məlumata görə, Fidan “Al Arabiya” telekanalına müsahibəsində ölkəsinin Suriyada demokratik sivil hökumətin qurulmasını istədiyini dilə gətirib. Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək: “Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

Nazir “Əl Hades TV”-yə verdiyi müsahibəsində isə deyib ki, 6-7 il əvvəl Suriya müxalifətinin etirazları baş verən zaman hazırki ABŞ prezidenti Bayden hələ vitse-prezident idi: “O, Türkiyəyə gəldi, prezidentimizlə görüşüb dedi ki, biz Bəşərin getməsini istəmirik. Bu, əslində İsrailin baxışı idi. İsrail heç vaxt Bəşərin getməsini istəmədi”.

Qətər 13 ildən sonra səfirlik açır...

Baş verənlərdən sonra bəzi ölkələrin diplomatik korpusları Suriyada fəaliyyətlərini bərpa ediblər. Belə ki, artıq Türkiyə səfirliyinin önündə ölkənin bayrağı qaldırılıb. Qətər isə çərşənbə axşamı günü Dəməşqdəki səfirliyini yenidən açacağını bəyan edib. Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Dəməşqdəki səfirliyin təxminən 13 ildən sonra yenidən fəaliyyətə başlayacağı bildirilir. Bəyanatda deyilir ki, Xəlifə Abdulla Əl Mahmud Qətərin Suriyadakı müvəqqəti işlər vəkili təyin edilib. Qeyd edək ki, Qətər 2011-ci ilin iyulunda Əsəd rejiminin tərəfdarlarının səfirliyə hücumundan sonra Dəməşqdəki səfirliyini bağlamışdı. Bu hücumlar Qətərdə yerləşən Əl-Cəzirə televiziyasının 2011-ci ilin martında başlayan Suriya İnqilabı ilə bağlı yayımlarına cavab olaraq həyata keçirilmişdi.

Belarus diplomatlarını tam, Rusiya isə qismən çıxarıb...

Belarus diplomatları isə bütünlüklə Suriyanı tərk ediblər - Minsk onların təxliyəsində göstərdiyi köməyə görə Moskvaya minnətdarlıq edib. Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, “Mövcud vəziyyəti nəzərə alaraq, Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə geri çağırılıb. Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət paytaxtda olacaq, vəziyyətin dərindən qiymətləndirilməsinin aparılması planlaşdırılır”. Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Departamenti isə bildirib ki, ölkənin diplomatik missiyasının əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilsə də, səfirlik fəaliyyətini davam etdirir.

Britaniya təmas qurur, ABŞ tanıyacağını bəyan edir...

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Britaniyanın terror təşkilatı hesab etdiyi Heyət Təhrir əl-Şam (HTŞ) ilə “diplomatik təmas” qurduqlarını açıqlayıb. BBC-nin məlumatına görə, Lemmi Suriyada bütün qrupları əhatə edəcək hökumət görmək istədiklərini də qeyd edib. Lemmi “Kimyəvi silahların nəzarət altına alınmasını, istifadə edilməməsini və şiddətin dayandırılmasını istəyirik” - deyə bildirib. Bu səbəbdən də Britaniya bütün danışıq və təmas imkanlarından istifadə edir.

Bu arada ABŞ da Heyət Təhrir əş-Şamın prinsiplərə riayət edəcəyi və inklüziv bir hökumət formalaşdıracağı halda, onu Suriyanın qanuni hökuməti kimi tanımağa hazır olduğunu bildirib. Bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

Suriyanın yenidən inşası...

Suriyada cərəyan edən siyasi-hərbi proseslərlə bağlı fikirlərini açıqlayan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, dekabrın 12-də Türkiyə və Qətərin kəşfiyyat rəisləri İbrahim Kalın və Xalfan əl-Kəəbi Dəməşqə səfər etmələri, orada keçirdikləri görüşlər kifayət qədər ciddi və mesajlarla yadda qalıb. Yaxın Şərqdə ciddi əhəmiyyətə və təsir gücünə malik hər iki ölkənin kəşfiyyat xidməti kimi strateji əhəmiyyətə malik vəzifə daşıyan rəsmisini əl-Qolani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirib: “Bu səfərin fonun da isə, ABŞ dövlət katibi Antoni Blinken də Ankaraya səfər edərək prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşdü. Yəni Suriyanın yenidən şəkilləndirilməsi prosesinə, post-Əsəd dövrünə hazırlığa artıq start verilib. Ölkənin həm siyasi, həm iqtisadi cəhətdən yenidən inşası prosesində isə Qətər və Türkiyə ön plandadır. Ankaranın təhlükəsizlik prioritetləri və Qətərin iqtisadi dəstəyi ilə yeni Suriya hökuməti regional inteqrasiyada mühüm irəliləyişlər əldə edə bilər. Bununla belə, keçmişdəki qarşıdurmalar və etimadsızlıq, bu prosesin qarşısında duran əsas maneələrdir. Realist və praqmatik yanaşma bu problemlərin aradan qaldırılmasında əsas olacaq”.

Türkiyə Suriyaya ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər

V.Zifəroğlu deyib ki, on ildən çox davam edən vətəndaş müharibəsi ölkəni yalnız fiziki və iqtisadi baxımdan deyil, həm də regional siyasi baxımdan dərin böhran vəziyyətinə gətirib. Post-Əsəd dövründə Suriyanın bərpası və reinteqrasiyası yalnız daxili siyasi dəyişikliklərlə deyil, həm də regional güclərin, xüsusilə Qətər və Türkiyənin əməkdaşlığı ilə sıx bağlı olacaq. Bu iki ölkənin Suriyanın gələcəyinə təsiri, həm müharibə dövründəki mövqeləri, həm də onların regional siyasət və iqtisadi maraqları ilə müəyyən olunur. “Həm Türkiyə, həm də Qətər Suriyanın siyasi sabitliyinin təmin edilməsini və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Post-Əsəd dövründə hər iki ölkə, daxili münaqişələrin sona çatmasını və ölkənin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir, əsla Suriyanın parçalanmasında maraqlı deyillər. Bu, regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq. Eyni zamanda, həm Türkiyə, həm də Qətər İslam dünyasında daha geniş əməkdaşlıq və dialoq təşəbbüslərinə önəm verir. Post-Əsəd dövründə Suriyanın ərəb və müsəlman dünyasına yenidən inteqrasiyasında bu ölkələr strateji əhəmiyyətə malikdirlər. Qətər Suriyanın Ərəb Liqasına qayıdışını dəstəkləyə bilər və ərəb ölkələri ilə əlaqələrin bərpasında vasitəçilik rolunu oynaya bilər. Türkiyə isə hələ də Suriyanın şimalında mümkün PKK/YPG terroruna qarşı mübarizədə yeni hökümətə dəstək verəcək, eyni zamanda, daha çox təhlükəsizlik və sərhəd məsələlərinə fokuslanaraq, yeni hökumətlə əməkdaşlıq edəcək”, - deyən ekspert vurğulayıb ki, digər məsələ geoiqtisadi məqamlarla bağlıdır. Qətər zəngin təbii qaz ehtiyatları sayəsində geniş maliyyə resurslarına malikdir. Suriyanın infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi üçün Qətərin rolu əvəzsiz ola bilər. Türkiyə isə Suriyaya ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər: “Xüsusilə Türkiyə ilə Suriya arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq. Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə çatmalı, ümumi uzunluğu isə 1500 kilometr olacaq Avropaya qaz kəmərinin çəkilməsi üçün artıq ciddi maneə yoxdur. Bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır”.

Rusiya qəbul edir, İran tanımayacağını bildirir...

V.Zifəroğlu diplomatik trafikin bəzi razılaşmaların əldə edilməsindən xəbər verdiyini də istisna etməyib. O, proseslər fonunda, Rusiyanın Suriyada baş verənlərə daha loyal və yumşaq yanaşmasına, rəsmi Moskvanın nəzarətində olan media orqanları vasitəsi ilə ifadə olunmağa başlandığına diqqət yetirilməli olduğunu deyib: “Buna paralel olaraq isə əksinə İranın ali dini rəhbəri Ayətullah Xameneinin ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqladı. Yəni ortada mümkün razılaşmadan bu və ya başqa dərəcədə razı və narazı olanlar da var artıq”.

P.İSMAYILOV

Chosen
68
32
yeniazerbaycan.com

10Sources