EN

Cənubi Qafqaz: həssas geosiyasi məqam və Ermənistanın qeyri-müəyyənliyi

Kamal Adıgözəlov

Hazırda dünyada geosiyasi proseslər daha intensiv mərhələyə qədəm qoyub. Yaxın Şərq və Cənubi Qafqaz bu kontekstdə ekspertlərin diqqətini çox çəkir. Burada Qərb-Rusiya geosiyasi qarşıdurmasının yeni məqamları özünü göstərməyə başlayıb. O cümlədən rəsmi İrəvanın yenidən geosiyasi seçim etmək cəhdləri fonunda həmin məqam kifayət qədər riskli görünür. Məsələ onunla bağlıdır ki, Ermənistan Gürcüstandakı vəziyyəti fürsət bilib, yönünü Qərbə tərəf daha çox çevirməyə çalışır. Hətta "Avropaya inteqrasiya" adı altında yeni cəhdlərdə bulunur. Bunun fonunda rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə daha laqeyd və qeyri-müəyyən yanaşmağa başlayıb. Açıq görünür ki, İrəvanın yeni geosiyasi seçim hesab etdiyi addımları onu, əslində, provokasiya və hərbi-siyasi avantüra meydanına çevirib.

Rəsmi İrəvanın iki yeni illüziyası

ABŞ, Avropa İttifaqı və Fransa Qafqazı öz geosiyasi maraqlarının girovuna çevirmək üçün çalışmalara davam edirlər. İndiki mərhələdə onların manevr sahəsi xeyli məhdudlaşıb. Buna, ilk növbədə, Azərbaycanın gücü, onun regiona təsirinin daha da artması və Suriyada bir geosiyasi həqiqətin özünü göstərməsi ayrıca təsir etməkdədir.

No

Bütün təsir cəhdlərinə baxmayaraq, Azərbaycanın müstəqil siyasətini davam etdirməsi ilə regionu qarışdırmağa çalışanlar barışmaq məcburiyyətindədirlər. Lakin indi bu faktı nəzərə alaraq hərəkət edirlər. Bu səbəbdəndir ki, onların planları daha hiyləgər mahiyyət kəsb edir. Təcavüzkarı sülhsevər cildində göstərmək cəhdləri yeni səviyyədə özünü göstərir. N.Paşinyanın Fransaya son səfəri göstərir ki, rəsmi İrəvan hələ də bu məsələdə Fransaya ümid edir. E.Makron da əvvəlki kimi vədlərindən qalmır.

Eyni zamanda, Suriya hadisələrindən sonra, deyəsən, rəsmi İrəvan daha ehtiyatlı mövqe tutub. Çünki Suriyada ABŞ, Aİ və Fransanın deyil, Türkiyənin gücü üstünlük qazanıb. Buna kölgə salmağa çalışanlar az deyil. Ancaq rəsmi Ankara bir daha bəyan edib ki, özgələrinin gücünü şişirdib, Türkiyənin imkanlarını zəif göstərməyə çalışanlar bilməlidirlər ki, Türkiyə regionun ən güclü dövlətidir.

No

Vurğuladığımız məqamlar Ermənistan rəhbərliyini narahat edir. O, Qərbin həyata keçirmək istədiyi, lakin bacara bilmədiyi "Minsk qrupu" layihəsinin "analoqu"nu yaratmaq kimi absurd bir cəhdə ümid etməkdədir. Burada vəziyyət o qədər aydındır ki, rəsmi İrəvanın siyasətdə "saman çöpündən yapışmaq" cəhdi indi bir çoxlarında gülüş doğurur. Çünki "Minsk qrupu" və ya onun "analoqu" tarixin arxivinə elə atılıb ki, kimsə onu oradan çıxara bilməz. Bunu Qərb çox yaxşı bilir. Ancaq hələ də sərsəm xülyalar və vədlər içində olan rəsmi İrəvanın başını qatır, çünki əlində real bir plan yoxdur.

"Minsk qrupu" xülyasının Gürcüstanda baş verən proseslər fonunda da cəfəngliyi aydın görünür. Məsələ belədir ki, son zamanlara qədər Gürcüstanda böyük təsirə malik olan Qərbin siyasi və hərbi dairələri sürətlə orada öz təsirini itirir. Belə bir vəziyyətdə fəaliyyəti müddətində heç vaxt faydalı olmayan və artıq "ölü qrup"un dirçəldilməsi hansı məntiqə sığır?

Bundan başqa, Qərbin Gürcüstandakı mövqeyini itirməsinin iki cəhəti maraq doğurur. Birincisi, praktiki təsir mexanizmlərinə malik olduğu bir ölkədə ədalətli olmasını təmin edə bilməyib. İkincisi, regionda maraqları olan Rusiyaya qarşı tab gətirməyib. Bu iki faktorun prizmasından Qərbin, ümumiyyətlə, regionda təsir imkanlarının minimuma endiyi avtomatik olaraq nəticə kimi çıxır.

Nəhayət, Azərbaycan müstəqil siyasəti ilə həmişə kənar qüvvələrin heç birinin onun üzərində dominantlıq etməsinə imkan verməyib. Azərbaycanın Ermənistanla münaqişəni özünün həll etdiyi, Qərbin Gürcüstanda mövqelərini itirdiyi və Rusiyanın Bakının fəaliyyətini dəstəklədiyi bir dönəmdə "Minsk qrupu" və ya onun "analoqu" necə yarana bilər?

No

Bunlar onu göstərir ki, erməni siyasi şüuru hələ də şikəstdir, reallığı qavraya bilmir, əvvəlki xülyalarının ağuşunda özünü məhvə aparır. Lakin bu, onların problemidir və deyəsən, yeganə olanı deyil.

Məsələ onunla bağlıdır ki, rəsmi İrəvan "EuroVote" adlanan təşəbbüsə qoşulub. Bu ifadə "Avropaya səs ver" anlamını özündə ehtiva edir. Əsas məqsədi başlıca olaraq Aİ-yə xarici ölkələrin sərmayə qoyuluşunda, səhmdar fəaliyyətdə Avropada kollektiv iştiraka hüquq əldə etməkdən ibarətdir. Yəni, hər hansı xarici ölkə Aİ-nin səhmdar cəmiyyətlərinin toplantısında etibarnamə əsasında iştirak və səsvermə hüququ əldə edir. Bu əsasda Avropaya inteqrasiya prosesinə müəyyən dərəcədə qatılır.

Bundan sonra hansısa formada Aİ-yə üzvlük məsələsi qaldırıla bilər. Azərbaycanla sülh müqaviləsinin imzalanmadığı və Gürcüstanda Qərbin nüfuzunun minimuma endiyi bir dönəmdə rəsmi İrəvanın bu addımı daha yüksək səviyyədə illüziyadır. Əslində, bir sıra ekspertlərin fikrinə görə, burada başlıca məqsəd məhz Ermənistanı sülh müqaviləsindən yayındırmaqdır. Çünki sözdə daha perspektivli bir yol təklif edən Qərb rəsmi İrəvanı növbəti dəfə düz yoldan çəkindirir.

Hazırda Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalamağa və Azərbaycanla real barışığa getmək əvəzinə, Avropada "uğur və cənnət" axtarışına çıxıb. N.Paşinyanın Zəngəzur dəhlizilə bağlı yeni sayıqlamaları da bu kontekstdə aydınlaşır.

Regional miqyasda yanlışlıq

Ermənistan rəhbərliyinin yeni geosiyasi "seçimi"ni regional miqyasda yanlışlıq kimi qiymətləndirmək olar. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, Ermənistan yenə də özünün müstəqil olmasına deyil, kənardakı daha güclü saydığı qüvvəyə boyun əyərək merkantil və qərəzli planlarını həyata keçirməyə çalışır. Bu mərəz, görünür, erməni siyasi şüurunda elə möhkəm yer alıb ki, ondan imtina etmək çox çətindir. Bəlkə də, ermənilər anlayırlar ki, onlar müstəqil dövlət qurmaq qabiliyyətinə malik deyillər. Hər bir halda hətta N.Paşinyan belə real müstəqil dövlət qurmağa qadir olduğunu sübut edə bilmir. Sadəcə, Rusiyanı Qərblə əvəz etməklə ağalarını dəyişməyə çalışır!

İkincisi, Ermənistan hüquqi cəhətdən yeniləşməyə hazır olmadığını nümayiş etdirir. Onun ən bariz nümunəsi konstitusiyada dəyişiklik etmək istəməməsidir. N.Paşinyan Konstitusiya Məhkəməsinin məlum qərarına istinad edərək, əsas qanunda qonşu dövlətlərə qarşı ərazi iddialarının təsbit olunduğu müddəaların qalmasına haqq qazandırmağa çalışır. Bu o deməkdir ki, rəsmi İrəvan verdiyi vədlərə rəğmən, hər fürsətdə sülh müqaviləsindən yayınmağa cəhd edir. Bu cür tərəddüdlər isə regionda riskləri artırır, prosesləri daha qeyri-müəyyən məcraya yönəldir.

Üçüncüsü, rəsmi İrəvan heyrətedici dərəcədə Cənubi Qafqazda, Yaxın Şərqdə və Şərqi Avropada aparılan geosiyasi mübarizənin real məntiqini görə bilmir. Bu üç regionun hər birində Qərb uduzur. Çünki ədalətsiz və birtərəfli mövqe tutur. O cümlədən Cənubi Qafqazda apardığı siyasət tam iflasa uğramaqdadır.

Dördüncüsü, Ermənistan rəhbərliyi Cənubi Qafqazda türk faktorunun sabitləşdirici, xilasedici, əməkdaşlığı və təhlükəsizliyi təminedici gücə çevrilməsini həzm edə bilmir.

Bütün bunlar rəsmi İrəvanın yuxarıda vurğulanan iki illüziyaya yuvarlanmasına səbəb olur. Hələlik erməni siyasi elitasının bunu anladığı müşahidə edilmir. Bu isə o deməkdir ki, yaxın perspektivdə Ermənistanın qeyri-müəyyən və tərəddüdlü geosiyasi mövqedən çəkilməsi ehtimalı azdır.

Güclü və nüfuzlu Azərbaycan

Bütün bunların fonunda Prezident İlham Əliyevin bir telefon zəngi real vəziyyəti aydınlaşdırdı. Yenidən ABŞ-ın Prezidenti seçilən Donald Trampa telefon zəngi edən İlham Əliyev əməkdaşlıq barədə də fikir bildirib. D.Tramp qarşılığında "ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini" qeyd edib.

No

Burada D.Tramp müstəqil bir dövlətin başçısına böyük hörmətlə yanaşaraq, ona həm də etibar və inamını ifadə edib. Amerika rəhbərliyi yaxşı bilir ki, rəsmi Bakı Vaşinqtonun təkidlərinə baxmayaraq, Ermənistanla danışıqlarda kənar qüvvələrin iştirakına razı olmadı. Bununla bağlı Antoni Blinkenin təklifini də qəbul etmədi. Vaşinqton Bakının müstəqil mövqe tutmaqda davam etdiyini anlayır. Azərbaycan ikitərəfli danışıqlardan başqa variant nəzərdə tutmur.

Digər bir tərəfdən, rəsmi Bakı Ermənistanın Fransa ilə işbirliyini də sülh müqaviləsi məsələsində neytrallaşdırıb. Parisə gedən N.Paşinyan orada vədlərdən başqa bir şeyə nail ola bilməyib. Bir sıra informasiya mənbələrinin məlumatına görə, Emmanuel Makron N.Paşinyana Donald Trampı işarə edib, yəni "artıq mənlik deyil"!Bunlar Cənubi Qafqazda güclü və nüfuzlu Azərbaycanın təsirini artırmaqda olduğunu ifadə edir. Rəsmi İrəvan buna qarşı hər hansı ciddi mövqe nümayiş etdirə bilmir. Bu isə onu göstərir ki, N.Paşinyan hansısa addımı atsa da, gerçəklikdən uzaq olan heç bir təklif həyata keçməyəcək. Həmin sırada Zəngəzur dəhlizinin işləyəcəyinə də tam əminliyimiz vardır. Bu layihədən qaçış yoxdur!

Chosen
27
21
turkustan.az

10Sources