"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
Publika.az xəbər verir ki, 23 yaşlı futbolçunun qanında qadağan olunmuş maddə aşkar edilib. "A" nümunəsi 2024-cü ilin oktyabrında götürülüb. Yaxın vaxtlarda “B” nümunəsi açılacaq. Futbolçuda dopinq olduğu təsdiqlənərsə, o zaman Ukrayna millisinin üzvünü 4 illik qadağa gözləyir.
Xəbər yayıldıqdan sonra həmyerliləri ona fəal şəkildə narazılıqlarını bildirməyə başlayıb. Bundan sonra "Çelsi"nin yarımmüdafiəçisi sosial şəbəkələrdəki şərhləri bağlamalı olub.
Qeyd edək ki, Mudrik 2023-cü ilin yanvarında 70+30 milyon avroya London klubuna keçib. 2024/25 mövsümündə klub səviyyəsində o, 15 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.