EN

Dövlət Xidməti: Torpaqların uçotunda yol verilən nöqsanlar aradan qaldırılır

"Vaxtilə aparılan islahatlar zamanı əhaliyə verilmiş pay torpaqlarından örüş kimi istifadə etmək, yaxud orada əkin işləri aparılmasında problem yoxdur. Sadəcə bəzi torpaqların dəqiq uçotu aparılarkən müəyyən sənədlərdə texniki nöqsanlar aşkar edilib, yaxud faktiki bölgülərin aparılması fərqli yerlərdə baş verib".
Bunu “APA-Economics”ə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

O bildirib ki, 2016-cı ildən ölkə başçısı tərəfindən 818 saylı 7 mart tarixli Fərman verilib və Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə məlumatların yığılması ilə bağlı yeni tapşırıqlar və norma müəyyənləşdirilib:

“Bu istiqamətdə işlər gedir və mərhələli şəkildə uçot aparılmaqla, xüsusi yerquruluşu qaydasında müvafiq texniki düzəlişlər etməklə səhvlər aradan qaldırılır. Bu, birdən-birə baş verən proses deyil”.

O qeyd edib ki, bələdiyyə torpaqları ilə bağlı vətəndaşların şikayət xarakterli müraciətlərinə rast gəlinir:

“Örüş-otlaq sahələrinin istifadəyə verilməsi ilə bağlı şikayətlər olur. Bəzi hallarda bələdiyyələr ümumi istifadədə olan örüş sahələrini icarəyə verirlər. Bəzi hallarda isə vətəndaşlar həmin sahələri icarəyə götürmək istəyirlər. Amma qanunla bələdiyyə torpaqları icarəyə verilmir, ümumi istifadədə qalır. Narazılıqlar da bəzən bu məcrada olan münasibətlərdə olur. Biz bələdiyyə torpaqlarında ümumi istifadədə olan örüş sahələrini ayırd etmək yollarını və qaydalarını müəyyən etməliyik. Bu məlumatları kadastr məlumat bazasına tədricən daxil etməliyik ki, bələdiyyələr kadastr xəritəsinə baxmaqla bilsinlər ki, bu sahələr icarəyə verilə bilməz. Vətəndaşlar da həmin sahələri icarəyə götürmək hüququnu iddia edə bilməzlər. Bundan sonrakı fəaliyyətimizdə bunları tənzimləməyə çalışacağıq”.
Chosen
15
3
sherg.az

4Sources