EN

Abbas Hüseynov: “Sumqayıt”dan "Elfsborq”un acığını çıxmırdıq” - MÜSAHİBƏ

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun Futbolxeber.az saytına müsahibəsi

- “Sumqayıt”la oyunda qazanılan 5 qollu qələbə barədə nə deyə bilərsiniz?
- Çox yaxşı oyun keçdi. Hər şey istədiyimiz kimi alındı. Baş məşqçimiz nəyi tələb edirdisə, çalışırdıq onu da meydanda edək. Şükürlər olsun ki, qələbə qazandıq.

- Hesab arasındakı fərqin bu qədər böyük olmasına səbəb nə idi: erkən qol təsir etdi, yoxsa “Elfsborq”un acığını çıxırdınız?
- Xeyr, elə deməzdim. “Sumqayıt”dan “Elfsborq”un acığını çıxmırdıq. Sadəcə rəqibi düzgün təhlil etmişdik. Oyun pressinq üzərində qurulmuşdu. Baş məşqçimiz tapşırmışdı ki, topu itirən kimi rəqibdən alıb, dərhal irəli atılaq.

- Bəs ikinci hissədə dayanmağınıza səbəb nə oldu?
- Bir qədər taktiki dəyişiklik oldu. Mən hücumlara daha az qoşulurdum. Üstəlik əvəzetmələr oldu. Mümkün qədər çalışırdıq top saxlayaq ki, çox yüklənməyək.

- İki gün sonra “Şamaxı”, sonra isə “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. İstirahət ərəfəsində bu oyunlara köklənmək mümkün olacaq?
- İstirahətin öz vaxtı var. İndi bu barədə düşünmürük. Hazırda fikrimiz yalnız ilin son iki oyunu ilə bağlıdır. Əlimizdən gələni edəcəyik ki, bu matçlarda xal itirməyək.

- “Araz-Naxçıvan”ın üzvü Felipe Santos saytımıza müsahibəsində qarşıdakı matçın komandası üçün finala bərabər olacağını bildirdi. Bəs “Qarabağ” üçün bu oyun hansı əhəmiyyət kəsb edir?
- Bizim üçün rəqibin kimliyi fərq eləmir. Hər bir oyuna eyni dərəcədə ciddi yanaşırıq. Qurban müəllim də hər zaman tapşırır ki, heç kim arxayınlaşa bilməz, məsuliyyətli olmaq lazımdır. Ümid edirəm ki, “Araz-Naxçıvan”la görüşdə də 3 xal qazanacağıq.

- Son məğlubiyyətdən sonra Avropa Liqasında pley-off şansı, demək olar ki, qalmayıb. Bu məqam “Styaua” və “Olimpiakos”la qarşıdakı matçlara 100 faiz konsentrasiya olmağınıza mane olmayacaq?
- Xeyr, əksinə, daha çox motivasiyalı olacağıq. Düzdür, zədəlilərimiz var. Amma inanıram ki, heyətdəki futbolçularla daha da yaxşı oynayıb xallar qazanacağıq. Ümid edirəm ki, hər iki matçda qələbə qazana biləcəyik.

- Əvvəlki mövsümlərlə müqayisədə qış fasiləsinin müddəti çox azdır. Bu məqam işinizi nə dərəcədə çətinləşdirəcək?
- Necə olacağını bilmirəm. Əsas odur ki, heç kim zədələnməsin. Məşqlərdə də əlimizdən gələni edəcəyik ki, yaxşı hazırlıq keçək.

İdman.biz

Chosen
15
1
idman.biz

3Sources