EN

"Bununla da saxta xəbərlərə qarşı əhalinin müqavimətini təmin etmiş olacağıq" - ŞƏRH EDİLDİ

"Media savadlılığının artırılmasını kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir". Bu sözləri SİA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən media savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir: "Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə olunan strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə salınması və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.

Media savadlılığı davamlı prosesdir. İnformasiya cəbhəsində atəşkəs olmadığı kimi, media savadlılığı sahəsində maarifləndirmə işlərində də fasilə yaranmamalıdır. Bütün bunlar dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasından və effektiv kommunikasiyasından bilavasitə asılıdır.

Media savadlılığı ilə bağlı proseslər Azərbaycan Respublikası Prezidentinin media sahəsində islahatların dəqiqləşdirilməsi haqqında fərmanından sonra başlamışdır. Həmin fərmandan sonra hazırlanmış və qəbul edilmiş Media haqqında qanunda media savadlılığı ilə bağlı maddə nəzərdə tutulmuşdur. Qanun qəbul olunandan sonra Cənab Prezidentin fərmanı ilə media savadlılığı ilə bağlı tədbirlərin görülməsi Media İnkişaf Agentliyinə həvalə edilmişdir. Bu konfrans da artıq üçüncü dəfədir keçirilir. Düşünürük ki, belə tendensiyanın davamlı olmasına ehtiyac var. Hazırda dövlət orqanları ilə müzakirələrə başlamışıq. Təkliflərimiz təqdim olunacaq. Düşünürük ki, yaxın gələcəkdə müvafiq mütəxəssislərin məsələni dəyərləndirməsindən sonra biz konkret layihələrlə irəli çıxacağıq. İstər tədrisdə media savadlılığının tətbiq olunması, istər gənclərlə bütün layihələrdə media savadlılığı ilə bağlı layihələrin həyata keçirilməsini təmin etməliyik. Bu üsulla Azərbaycan cəmiyyətini media savadlısı olmağa dəvət edəcəyik. Bununla da saxta xəbərlərə qarşı əhalinin müqavimətini təmin etmiş olacağıq".

https://medialiteracy.media.gov.az

Müəllif: Söylü Ağazadə
Chosen
32
sia.az

1Sources