EN

“Yalnız xarici görünüşü dəyişdirməklə daxili problemlər həll olunmur”- Psixoloqla müsahibə

Psixoloq Almara Məlikova deyir ki, estetik əməliyyatlar etdirib, xarici görünüşü dəyişməklə daxili problemlər həll olunmur.
 
 
Psixoloq Moderator.az saytına müsahibəsində bu məqamlara toxunub.
 
–  Almara xanım,  son illərdə plastik cərrahiyyəyə olan maraq qadınlar arasında artıb. Sizcə, bu qədər artıma səbəb nədir?
 
– Plastik cərrahiyyəyə olan marağın artmasının bir neçə əsas səbəbi var. Bu marağın artmasında  sosial media və kütləvi informasiya vasitələrinin təsiri böyükdür. Bu platformalarda "ideal bədən" anlayışının geniş yayılması qadınlarda öz görünüşlərinə qarşı tələbkarlığı artırır. Sosial mediada xüsusilə “Instagram” və “TikTok” kimi platformalarda ideal gözəllik standartları nümayiş olunur. Bu da qadınları öz bədənlərindən narazı salır. Tibbi texnologiyaların inkişafı estetik cərahiyyədə böyük rol oynayır. Əməliyyatların daha təhlükəsiz, əlçatan və nəticələrinin sürətli olması plastik cərrahiyyəyə marağı artıran mühüm amillərdəndir. Sosial media "ideal bədən" anlayışını geniş yayır və qadınlarda özlərinə qarşı narazılıq yaradır. İnfluencerlər və məşhurlar plastik cərrahiyyəni normallaşdırır, bunu adi bir prosedur kimi təqdim edirlər. Bundan əlavə, filtrlər və foto redaktə proqramları vasitəsilə mükəmməl görünüş standartları yaratmaq qadınların özlərini həmin görünüşə çatdırmaq istəyi onların plastik əməliyyata müraciət etməsinə səbəb olur.
 
– Psixoloji baxımdan, qadınların bədənlərinə olan münasibətlərinin dəyişməsi və özlərini rahat hiss etməmələri hansı faktorlarla bağlıdır? Bu şüuraltı problemdənmi irəli gəlir? İnsan özünü niyə bəyənmir, bu nə zaman baş verir?
 
– Bu məsələ cəmiyyətin qadınlara qarşı gözəllik standartları və gözləntiləri ilə sıx bağlıdır. Sosial media və media vasitələrinin göstərdiyi mükəmməl görünüş standartları qadınların öz bədənlərini mənfi qəbul etməsinə yol açır. Bundan başqa, uşaqlıq travmaları, ailədən gələn tənqidlər, aşağı özünə inam, qəbul edilməmək qorxusu kimi şüuraltı amillər də təsir göstərir. İnsanlar özlərini bəyənməyəndə, bu, çox vaxt sosial təzyiqlər və ya başqalarının təqdirini qazanmaq istəyi ilə bağlı olur.
 
–  Bəzi qadınlar plastik əməliyyatdan sonra istədikləri görünüşə sahib olduqdan sonra özlərini daha güvənli hiss edirlər. Bəzən isə əksinə, peşman olurlar. Bu psixoloji təsir necə baş verir?
 
– Əməliyyatdan sonra güvən artımı gözləntilərin yerinə yetirilməsi ilə əlaqədardır. Lakin bəzən nəticə gözlənildiyi kimi olmur və bu, peşmanlıq yaradır. Bundan əlavə, qadınlar əməliyyatdan əvvəlki daxili narahatlıqlarının həll olunacağını düşünə bilərlər. Lakin əməliyyatdan sonar daxili problemlər həll olmadığı üçün bu, əməliyyat sonrası emosional boşluq və güvənsizliyə səbəb ola bilər.
 
– Bu cür əməliyyatlara baş vurmaq istəyən qadınların daxili boşluqları və özlərini sevə bilməmələri ilə əlaqədar hansı psixoloji səbəblər ola bilər?
 
– Aşağı özünə inam, uşaqlıqda yaşanan tənqidlər və travmalar plastik cərrahiyə meylin psixoloji əsaslarıdır. Bəzi qadınlar özlərinə sevgi və diqqət çatışmazlığı hiss edir, bu da bədənlərində dəyişiklik etmə ehtiyacını artırır. Sosial və ailəvi təzyiqlər də bu qərarı təsir edən mühüm amillərdəndir. Əksər hallarda qadınlar həm görünüşlərini yaxşılaşdırmaq, həm də daxili rahatlıq əldə etmək məqsədilə plastik əməliyyatlara müraciət edirlər. Onlar hesab edirlər ki, bu dəyişiklik özlərinə inamlarını artıracaq və sosial mühitdə daha yaxşı qəbul edilmələrini təmin edəcək.
 
– Sizcə, bu qədər çətinliyə, ağrıya dəyərmi?
 
– Bu, fərddən asılıdır. Əgər əməliyyat qadının həyat keyfiyyətini artırırsa və onun özünü daha yaxşı hiss etməsinə səbəb olursa, dəyər. Lakin əməliyyatın risklərini və nəticələrini yaxşı qiymətləndirmədən qərar vermək, mənfi nəticələrə səbəb ola bilər. Qadınlar sosial və fərdi təzyiqlər səbəbindən özlərini  bəzən riskə ata bilirlər. Gözəllik standartlarına uyğunlaşmaq istəyi, bəzən hətta tibbi məhdudiyyətlərə məhəl qoymamağa gətirib çıxarır. Cəmiyyətdə qəbul edilmə arzusu bu riskləri əsaslandırır.
 
– Qadın xoşbəxtliyinin əsas meyarı nədir?
 
– Qadın xoşbəxtliyinin əsas meyarı özünü qəbul etmək və öz dəyərini bilməkdir. Xarici gözəllik qədər, daxili rahatlıq, sevgi və hörmət də qadınların xoşbəxtliyini təmin edən əsas amillərdir. Xoşbəxtlik üçün ən vacib olan cəmiyyətin deyil, özünün təyin etdiyi standartlara uyğun yaşamaqdır.
 
Mehin Mehmanqızı
 
Chosen
21
moderator.az

1Sources