EN

Argentina bu il iqtisadi tənəzzüldən çıxa bilib

Bakı, 17 dekabr, AZƏRTAC

Argentina iqtisadiyyatı 2023-cü ilin sonundan bəri ilk dəfə ümumi daxili məhsulun artımına nail olaraq, uzun sürən tənəzzüldən çıxa bilib.

AZƏRTAC xəbər verir ki, Argentina Statistika İdarəsinin məlumatına görə, 2024-cü ilin üçüncü rübündə ölkənin ümumi daxili məhsulu 1,7 faizlik azalmanın qeydə alındığı əvvəlki rüblə müqayisədə 3,9 faiz artıb.

İqtisadi dirçəliş istehlak xərclərinin və biznes investisiyalarının bərpası, həmçinin kənd təsərrüfatı və mədən sənayesi ixracatında güclü artım səbəbindən baş verib.

Xatırladaq ki, 2023-cü il dekabrın 10-da prezidentlik fəaliyyətinə başlayan Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırmış və iqtisadiyyatın şok tədbirlərə ehtiyacı olduğunu bildirmişdi. Dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarı olan prezident iqtisadi problemlərin həlli yolunu xərcləri azaltmaqla büdcə kəsirindən xilas olmaqda görür.

Argentina Statistika İnstitutunun məlumatına görə, 2024-cü ilin birinci yarısında ölkədə yoxsulluq səviyyəsi 42 faizdən 53 faizə yüksəlib. Həmin dövr ərzində ümumi daxili məhsulun həcmində də 3,4 faizlik azalma müşahidə olunub.

Chosen
26
azertag.az

1Sources