Bakıda "Demirchi Tower", "AGA Center", "Caspian Plaza", "Caspian Business Center", "Ariana Business Park" kimi biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda ittiham olunur.
“AzPolitika” xəbər verir ki, dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Q.Dəmirçi haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Onun vəkili bildirib ki, Nərimanov rayon Məhkəməsinin işadamı haqqında qərarı əsassızdır, heç bir sübuta söykənmir və ləğv olunmalıdır. Müstəntiqsə qərarı əsaslı sayaraq qüvvədə saxlanmalı olduğunu deyir. Hakim Habil Məmmədov da qərarı dəyişməyib və Q.Dəmirçinin həbsdə qalmasına qərar verib. Qafar Dəmirçi məhkəmədə ittihamları qəbul etmədiyini söyləyib.
Q.Dəmirçini dekabrın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Ona Cinayət Məcəlləsinin 259.3-cü (bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla ağacları kəsmə) maddəsi ilə ittiham verilib. Bu maddədə 6 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia edilir ki, "AQA Şirkətlər Qrupu"na daxil "Monte Ferro" şirkəti Şəkidə hektarlarla ərazidə ağacları qanunsuz kəsdirib, nəticədə təbiətə 8 milyon 300 min manata yaxın ziyan dəyib.
Q.Dəmirçi ilə yanaşı, daha üç nəfər həbs olunub və onlardan biri də sözügedən şirkətin briqadiridir. Şəki şəhər İcra Hakimiyyəti isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, "Monte Ferro" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayıb və fındıq bağı salınması məqsədilə Şəkinin Göynük meşəbəyliyi ərazisindən 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb: "Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir".
Bakıdakı böyük biznes mərkəzlərinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun prezidenti Q.Dəmirçinin atası Aydın Dəmirçidir.
“AzPolitika.info”