Şirməmməd müəllimin sualından aldığımız dərslər
Şirməmməd Hüseynov - 100
Ustadın “Bildin nə deyirəm”inin altından peşənin sirləri ilə yanaşı, gerçək tariximizin gizli səhifələri boylanırdı...
Azərbaycanın ictimai fikir tarixində silinməz iz qoymuş elə şəxsiyyətlər var ki, onların geniş təqdimata ehtiyacları yoxdur. Bircə adlarını çəkmək kifayət edər ki, çalışdığı sahədə millət və dövlət qarşısında xidmətlərini yada salasan və qürur duyasan. Görkəmli alim, publisist, pedaqoq, professor Şirməmməd Hüseynov belə şəxsiyyətlərdəndir. Ömrünün 70 ilindən çoxunu təkcə milli mətbuatımızın deyil, həm də tariximizin istiqlal səhifələrinin araşdırılmasına həsr edən tədqiqatçı-alim ictimai həyatın hansı sahəsinə nəzər yetiribsə, orada obyektivlik, doğruluq və ədalət prinsiplərini bütün parametrlərdə qoruyub saxlayıb. Üzə çıxardığı həqiqətləri geniş oxucu kütləsinə çatdıran Şirməmməd Hüseynov son nəfəsinə qədər yaradıcılıq enerjisini qoruyub saxladı, qələmi yerə qoymadı. Onun sözünün mübtədası da, xəbəri də Azərbaycan istiqlalı oldu. Sonralar məqalələrə, monoqrafiyalara, kitablara çevriləcək dəyərli araşdırmalarının ilk oxucuları, daha doğrusu, ilk dinləyiciləri isə biz tələbələri idik. Diqqətinizə verdiyimiz bu qeydləri həmin xoşbəxt tələbələrdən birinin böyük Ustadın xatirəsinə dərin ehtiramının ifadəsi kimi qəbul edə bilərsiniz.
BDU hərəkatın önündə gedirdi
Onun adını 1986-cı ildə universitetin (o vaxt Azərbaycanda bir ali təhsil ocağı universitet adlanırdı - ADU, indiki BDU-red.) jurnalistika fakültəsinin hələ abituriyenti ikən eşitmişdik. Sənəd qəbulu zalında maraq xatirinə bizə yaxınlaşan yuxarı kurs tələbələri Şirməmməd müəllimdən əfsanələr danışırdılar. Bizə təkcə jurnalist peşəsinin sirlərindən deyil, həm də bundan daha vacibi, həyatın acı həqiqətlərindən dərs deyəndə Şirməmməd Hüseynov professor idi. Amma bizim üçün onun adı elmi dərəcəsindən qat-qat yuxarıda idi.
Artıq dövran dəyişmişdi. Cəmiyyəti bürümüş azadlıq, müstəqillik “küləyi” sovet rejiminin bünövrəsiz ideoloji kanonlarını sovurub aparmaqda, düşüncələri silkələmiş demokratiya “sunamisi” sosializm sisteminin çürük sütunlarını yıxıb dağıtmaqda idi. Azərbaycan SSR-nin tələbələri də artıq keçmişdə qalmışdı. Milli-azadlıq hərəkatının bayraqdarına çevrilmiş universitetdə ab-hava kökündən dəyişmiş, müəllimli-tələbəli hamımızın fikrində Qarabağ və meydan dolaşırdı. Küləyin və sunaminin havasını duymayan, imperiyanın zədələnmiş ideologiyasının avazını dəyişməyi bacarmayan müəllim isə auditoriyada duruş gətirə bilmirdi. O dolaşıq dövrdə sözünü acgözlüklə dinlədiyimiz müəllimlərimizdən biri Şirməmməd Hüseynov idi.
Ustadın intonasiya fərqi
Müəllimimiz ömrünü başa vurmaqda olan bir ictimai formasiyadan tamamilə fərqli quruluşa, imperiya zəncirindən qurtulub müstəqilliyə keçidin şahidləri olan tələbələrinə tarixin sınağından çıxa bilməmiş, adları planetin xəritəsindən silinmiş dövlətlərin acı taleyinin səbəblərini anladırdı. Bu zaman Ustadın hər sözünün altında daşdan keçən dəlil, gətirdiyi misalların arxasında fakt və sənəd vardı. Şirməmməd müəllim arada monoloquna fasilə verir, nəfəsini dərir və dediklərinin təsdiqini eşitməkdən ötrü üzünü bizə tutub sual edirdi:
- Bildin nə deyirəm?
Auditoriyaya ünvanladığı sualı qəsdən birinci şəxsin təkində verirdi. O, başqalarının dilə gətirməyə cürət etmədikləri acı həqiqətləri, sovetlərin aşınma səbəblərini elə sərtliklə dilə gətirirdi ki... Biz ondan həm də aşkarlıq və azadlıq selinin içində itib-batmamaq, yeni gərdişdən baş çıxarmaq dərslərini alırdıq. Bunlar əsl Ustad dərsləri idi.
Onun ritorik sual-cümləsinin qəribə intonasiyası vardı. Şirməmməd müəllimin birinci şəxsin təkində etdiyi müraciətinin – “Bildin nə deyirəm?” sualının altındakı cavablardan indi kurs işi, monoqrafiya, kitab yazmaq olar. Şirməmməd Hüseynov bütün dövrlərdə, ən mürəkkəb məqamlarda belə bu ritorik sualla istədiyini deməyi bacaran adam olub. Sovetin kəsəkəs dövründə sistemin ideoloji çərçivələrinə sığmayan Şirməmməd müəllim bizə jurnalist peşəsinin real həyatla üst-üstə düşməyən məqamlarından danışır, peşəni milli məsələyə, məfkurəyə çevirməyin yollarını göstərirdi.
Tələblik illəri “qırmızı imperiya”nın dağılmasına, milli-azadlıq hərəkatının ekvatoruna tuş gəlmiş bizlər üçün bunları eşitmək olduqca maraqlı və heyrətamiz idi. Müəllimimiz bizə qatı açılmamış mətləblərdən danışırdı. Bir də ki, S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinə qəbul olub, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirməyimiz arasındakı fərq zamanla və adla məhdudlaşmırdı. Biz iyirminci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanın gözümüzün qarşısında yazılan yeni tarixinin canlı şahidləri idik. Bunun ən yaddaqalan simvolu ikinci istiqlalımızla yaşıd olan Ali diplomumuzdur (1991-ci ildə almışıq – red.). Tale bizə, sadəcə, mövcud quruluşun dağılmasının deyil, eyni zamanda, milli inqilabın iştirakçısı olmaq qismətini yazıbmış.
Yerli “qırmızılarla” mücadilə
Ustadın mühazirələrinin peşə əxlaqı, milli ruh, vətənpərvərlik kimi gözlənilməz “döngələri” içində qırx beş dədiqəlik dərsin nə zaman bitdiyini hiss etmirdik. O, bizə tarixindən bixəbər olduğumuz Azərbaycan Xalq Cümhuriyyətindən – milli istiqlalımızın qaranquşu olan ilk müstəqil dövlətimizdən, üçrəngli bayrağımızdan, Müsavatdan soraq verirdi… Şirməmməd müəllim bizə başı bəlalar çəkmiş yurdumuzun tarixinin qara pərdələrlə örtülmüş səhifələrini nəql edir, SSRİ adlı “qırmızı imperiya”nın, onun velikorus düşüncəli rəhbərlərinin antimilli fəaliyyətlərinin bugünədək görünməyən qatlarını açıb üzə çıxarır, milli şüur və milli ruh məsələlərinin mahiyyətini xırdalayırdı. Bu, artıq pedaqoq Şirməmməd Hüseynovun peşə tədrisinin çərçivələrini aşan, milli istiqlal mücadiləsi barədə dərsləri idi...
Demokratiya və aşkarlıq küləklərinin əsdiyi cəmiyyətdə artıq bir çox qadağalar aradan qalxsa da, Moskva, Kreml, Lenin movzeleyi xofu hələ beyinlərdən silinməmişdi. “Bəlkə də qaytardılar” xəyalı ilə yaşayanlar az deyildi. Şirməmməd müəllim “yeni qırmızıların” bir çox hücumlarına məruz qalsa da, belə həmlələrin hamısına dəyanətlə sinə gərdi. Amma “xalqlar həbsxanası” adlı qəfəsin pəncərəsinin açıldığı həmin dövrün özünəməxsus təzyiq və təqib formaları vardı.
1989-cu ilin yanvarında sovet hökuməti Dağlıq Qarabağda xüsusi idarəetmə tətbiq eləmiş, torpağımızı birbaşa Moskvaya calamış, əslində, Ermənistanın bir vilayətinə çevirmişdi. Azadlıq meydanındakı davamlı mitinqlər, kütləvi tətillər payızda öz bəhrəsini verdi. Kreml DQMV-dəki canişini Arkadi Volskini geri çağırdı, onun başçılıq etdiyi Xüsusi İdarəetmə Komitəsi ləğv olundu. Vilayətin Bakının tabeliyinə qaytarılması üçün Respublika Təşkilat Komitəsi yaratmaq qərarı çıxarıldı. Bu yeniliyi Qarabağ ermənilərini ram eləmək imkanı sayan Şirməmməd Hüseynov siyasi icmalçısı olduğu Azərbaycan Televiziyasından respublika rəhbərliyini və xalq hərəkatı liderlərini birliyə çağırdı. Həmin çağırış Şirməmməd müəllimin “düşmən” elan olunması ilə nəticələndi. “Xalq düşməni” kampaniyasına universitetin bir çox cəbhəçi fəalı da qoşulmuşdu. Amma jurnalistika fakültəsindən olan fəallar bu haqsız hücumlara qarşı çıxdı. Amma ura-patriotlar çoxluqda, biz isə azlıqda idik. İndi, üstündən qırx ilə yaxın vaxt keçəndən sonra anlamaq çətin deyil ki, Şirməmməd Hüseynovu “antimilli” elan edən, idarəolunan həmin radikal qaraguruhun “kütlə diplomatiyası” Azərbaycanı “Qara Yanvar”a doğru sürükləyirdi...
“...asılıdır barıtın çoxluğundan”
“Bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı. Biz bu tarixi həqiqətə əsaslanmaqla 1918-1920-ci illər kimi çox mürəkkəb, ziddiyyətli və möhtəşəm dövrü elmi cəhətdən tədqiq etməli, müasir və gələcək nəslə çatdırmalıyıq. Bunun üçün isə vacib şərtlərdən biri bu dövrdə təkcə inqilab beşiyi Bakıda deyil, digər şəhər və qəzalarda cərəyan edən hadisələri də diqqətlə öyrənmək vacibdir”. Bu sözləri istiqlal yazarı Şirməmməd Hüseynov 1918-ci il mayın 28-ini tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirərkən deyib.
Artıq dördüncü kursun tələbələri olan bizlərlə mühazirəsini daha çox sual-cavab formatında keçirməyə üstünlük verirdi. Ustad-tələbə mükaliməsinin ağırlığını ictimai-siyai motivlər təşkil edirdi. 1990-cı ilin martında Baltikyanı respublikalar – Estoniya, Latviya və Litva müstəqilliklərini elan etdilər. Dərsdə Şirməmməd müəllimə verdiyimiz “Azərbaycan da SSRİ-dən ayrılmaq üçün müraciət edərmi?” sualımızın cavabı maraqlı və qısa oldu: “Asılıdır barıtın çoxluğundan gücü bombanın…”. Ardınca cavabının mənasını açılqadı.
Deməli, Şirməmməd müəllim 1970-ci illərdə jurnalistika fakültəsinin dekanı olanda tədrisin rus dilində aparıldığı hərbi hazırlıq kafedrasına baş çəkir. Dəhlizdə bütün plakatların rusca olmasına iradını bildirir:
“Ölkədə dövlət dili Azərbaycan dilidir. Niyə bir lövhədə Azərbaycan dilində yazı yoxdur?!”.
Özünü itirmiş kafedra müdiri səhvin düzəldiləcəyini vəd edir. Hərbi hazırlıq kafedrasına növbəti reydində Şirməmməd müəllim divarda belə bir yazı oxuyur:
“Asılıdır barıtın çoxluğundan gücü bombanın”. Kafedranın rusdilli müəllimlərindən biri hansısa silahın xarakteristikasını kalka tərcümədə belə verib.Həmin yanlış tərcümə Ustadın dilində aforizmə çevirmişdi.
«Журналист»in istiqlal nömrəsi
…Çöldə 1990-cı ilin may ayı idi. Bu mayı əvvəlki maylardan fərqləndirən cəhət onun Azərbaycan Demokratik Respublikasının yaranmasının 72 illiyinə təsadüf etməsi idi. Jurnalistika fakültəsinin tədris qəzeti «Журналист»in xüsusi buraxılışı bütünlüklə ADR-ə və milli-azadlıq hərəkatına həsr olundu. Qəzetin bu buraxılışını Şirməmməd müəllimin rəhbərliyi altında 1020-ci qrupun tələbələri, yəni, biz hazırladıq. ADR parlamenti üzvlərinin, Nuru Paşanın Bakıya daxil olması və digər fotoşəkilləri Ustad şəxsi arxivindən gətirmişdi və o rəsmlər ilk dəfə tədris qəzetimizdə işıq üzü gördü.
“Qara Yanvar”dan sonra Bakıda fövqəladə vəziyyət rejimi, siyasi və hərbi senzura hökm sürürdü. Mayın 25-də beş yüz tirajla çap olunmuş «Журналист»in istiqlal nömrəsi tirajının az qismini fakültədə saxladıq, böyük qismini isə əldən dağıtmaq qərarına gəldik. Mayın 28-i – ADR-in qurulmasının 72-ci ildönümündə 3-4 tələbə metronun “28 May” (o vaxt “28 aprel” adlanırdı – red.), “Elmlər akademiyası” stansiyalarının çıxışlarında və Dənizkənarı Parkda «Журналист»i insanlara havayı paylamağa başladıq. Biz qəzeti verdiyimiz adamlara qısa izahını da deyirdik. “Elmlər akademiyası” stansiyasının qarşısında kənardan bu mənzərəni müşahidə edən iki polis bizə yaxınlaşdı. Qısa sorğu-sualdan sonra bir əlimizdəki qəzetlərə, bir də üzümüzə diqqətlə baxandan sonra başlarını bulayıb getdilər. Deyəsən, cavabımızdan bir şey anlamadıqları üçün bizə baş qoşmaq istəmədilər. İndi bunları xatırlayanda 34 il bundan əvvəl “Kommunist” nəşriyyatının (indiki “Azərbaycan” nəşriyyatı – red.) çapçılarının qurd ürəyi yediklərini deməliyik.
Bizə H.b.Zərdabini, M.Ə.Rəsulzadəni, Ü.Hacıbəylini, C.Məmmədquluzadəni, Ö.F.Nemanzadəni tədris edə-edə sevdirən Ustadımız, sanki, bu milli aydınların taleyini özünə örnək seçmişdi. O, yaradıcılığı, həyat tərzi və amalları ilə yalnız biz jurnalistlər üçün deyil, canından çox sevdiyi xalqı üçün də etalon şəxsiyyət zirvəsinə yüksəldi. Ş. Hüseynovun keçdiyi ömür yolu əvvəldən axıradək Vətəninə və xalqına qənirsiz sevginin nümunəsi oldu.
Yaşı bir əsri tamamlayan böyük Ustad Şirməmməd Hüseynovun nurlu xatirəsi tələbələrinin və xalqın qəlbində əbədi yaşayacaq!
İmran BƏDİRXANLI
P. S. Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-si Şəki şəhərində anadan olub. O vaxtkı ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini və Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasını bitirib. 1954-cü ildə tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin vaxtdan Bakı Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışıb. 1970-1976-cı illərdə jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri, 1988-ci ildən həmin kafedranın professoru olub. 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də 95 yaşında vəfat edib.