EN

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə sədrliyi təhvil alıb

Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM-ə sədrliyi təhvil alıb.

Bu barədə Sherg.az-a XİN-dən bildirilib.

Xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışında bildirib ki, bütün AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkür edib.

Nazir bildirib ki, AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada “körpü qurmaq” rolu təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülh, sabitlik və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq: “Azərbaycanın AQEM-ə sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır.

İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsir etmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir.

Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanın sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək: “AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq və AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi.

Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik”.

Ceyhun Bayramovun sözlərinə görə, Qazaxıstanın Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcək: AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin (Nizamnamə) işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan sədrliyinin vacib prioriteti kimi qalacaqdır.


Sədrliyimiz həmçinin, AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcəkdir. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcəkdir. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq.

Həmçinin, biz Katibliyin Statutunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik.

Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaqdır”.
Chosen
22
11
sherg.az

10Sources