EN

Bəşər Əsəd bu halda həbs oluna bilər - Sərdar Cəlaloğlunun şərhi

Suriyada Baas rejimi devrilikdən sonra Bəşər Əsədin ükürpədici cinayətləri üzə çıxır. Sednaya həbsxanasında və bu kimi cəzaçəkmə müəssisələrində məhbuslara verilən dəhşətli işgəncələr dünyanı heyrətə gətirib. Hazırda Rusiyaya sığınan və taladığı sərvətlərlə özünə biznes qurmağa çalışan Bəşər Əsəd cəzasızmı qalacaq? Beynəlxalq təşkilatlar Əsədi məhkəmə qarşısına çıxara biləcəklərmi? Beynəlxalq Cinayət Məhkəməsi dünya mediasında yer alan bütün bu faktları əsas tutaraq Əsəd haqqında qərar çıxara bilərmi?

Məsələ ilə bağlı Sitat.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Türkiyə bu cinayətə görə hərəkətə keçməlidir: "Əvvəla onu deyim ki, gərək Əsəd rejimi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə kimsə müraciət etsin. Hər hansı dövlət və  təşkilatın müraciəti olmalıdır. Eyni zamanda məhkəməyə faktlar təqdim olunmalıdır. Bundan sonra onun haqqında qərar veriləcək. Təbii ki, dünyada analoji hallarla bağlı presedent var. Serbiyanın liderlərinin boşnaqlara qarşı apardığı cinayətləri misal göstərmək olar. Vaxtilə almanların törətdiyi cinayətlə bağlı Nürnberq məhkməsi var idi və sairə. Türkiyə bu cinayət işini sona qədər aparmaq üçün vəkillər tutmalıdır".  

S.Cəlaloğlu vurğulayıb ki, bu cür avtoritar liderlər beynəlxalq təşkilatlardan çıxarılmalıdır: "Düşünürəm ki, artıq vaxt çatıb ki, avtoritar rejimlərin cinayətləri ilə bağlı beynəlxalq bir hüquq norması tətbiq olunsun və belə dövlətlər, onların liderləri beynəlxalq təşkilatlardan çıxarılsın. Yoxsa, belə adamlar BMT-də insani idarəçiliklə məşğul olan adamlarla bir yerdə əyləşir. Sonradan bəlli olur ki, insanın ağlına gəlməyən vəhşiliklər törədiblər. Artıq Əsəd erası bitdi. Orada tamamilə yeni era başlayıb. Amerika, İsrail, Türkiyə vəziyyətə nəzarət edir. Əsas problem kürd problemidir. Türkiyə ilə razılaşdırılacağı təqdirdə Suriyada sabit bir rejim yaratmaq mümkün olacaq".

Məğrur,

Sitat.info

Chosen
12
2
sitat.info

3Sources