EN

Əsgərliyə çağırış yaşı 20 ola bilər - AÇIQLAMA

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi xidmətə çağırış yaşının 27-28 yaşa salınmasının, həmçinin çağırış yaşının 20-dən başlayaraq həyata keçirilməsinin doğru olduğunu bildirib.

Ü.Cəfərov hesab edir ki, burada Səhiyyə Nazirliyinin və ya TƏBİB-in mütəxəssislərinin rəyini almaq yaxşı olardı.

"Bizim qardaş Türkiyədə çağırış yaşı 20, xarici ölkələrdən İspaniyada 20 yaş təşkil edir. Bu əsaslandırlıb ki, 18 yaş əsgərlik üçün tezdir. Bəzi ölkələr var ki, məsələn, Avstriyada 18 yaşdan 35 yaş arası kişilər 6 aylıq əsgərlik məcburi, Yunanıstanda kişilər üçün 2009-cu ildən 9 ay məcburi xidmət, Almaniyada məcburi hərbi xidmət hələ də qüvvədədir. Qonşu Gürcüstanda isə xidmət müddəti 18 aydır, alternativ xidmət də mövcuddur. Bizdə təəssüflər olsun ki, alternativ xidmət hələ qəbul olunmayıb.

Bəzi ölkələr var ki, məsələn Estoniyada əsgərlik müddəti 8 aydır, Finlandiyada ordu növünə və rütbəyə görə 180, 260 gün yaxud 362 gün xidmət müddəti təyin olunub. Finlandiyada 1931-ci ildən alternativ hərbi xidmət qüvvədədir və burada alternativ xidmət müddəti 395 gündür. Litvada xidmət müddəti 12 aydır, ali məktəb və kollec məzunları üçün 6 aydır".

Hərbi ekspert düşünür ki, Azərbaycanda da bu müddət aşağı salınmalıdır. Elmlə və ya mədəniyyətlə məşğul olan insanlar üçün şərait yaradılmalıdır ki, onlar öz elminin ardıyca getsinlər.

"Region dövlətlərinə nəzər salsaq, İranda məcburi hərbi xidmət 18 yaşdan etibarən başlayır. Bəzi insanlar deyə bilərlər ki, elə bizdə də 18 yaşdan başlayır. Ancaq Qarabağ müharibəsi artıq həllini tapıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Ona görə də çağırış yaşının 20-yə qaldırılmasını məqbul hesab edirəm".

Bəs hərbi xidmətə çağırışda ən son yaş həddinin 35-dən 30-a endirilməsi məsələsi nə ilə bağlıdır?

Ekspert vurğulayıb ki, 1999-cu ilə qədər bizdə bəzən xidmət müddəti müxtəlif idi, həm müharibə vəziyyəti idi, həm torpaqlar işğal altında idi. Ancaq bütün bu məsələlərin həll olunduğunu nəzərə alsaq, biz ona köklənməliyik ki, insanlarımız bakalavr, magistr, aspirantura pillələrini keçsinlər və bununla da məsələ yaş üzrə öz həllini tapsın.

Aminə Nəzərova

Chosen
50
operativmm.az

1Sources