EN

Tofiq Abbasovun “Zenit”ə vurduğu qol…

Keçmiş SSRİ çempionatlarında “Neftçi”nin şərəfini qorumuş və inamlı oyunu azarkeşlərdə xoş təəssürat yaratmış futbolçulardan biri də bu yaxınlarda, dekabrın 4-də 75 yaşında həyatla vidalaşıb, xatirələrə köçən yarımmüdafiəçi Tofiq Abbasov olmuşdur. Ölkə çempionatının güclülər dəstəsində 101 oyunun iştirakçısı və 9 qolun müəllifi kimi yadda qalmış Sumqayıt futbol məktəbinin yetirməsi 1970-ci illərdə meydanda fəal, əzmkar mübarizəsi ilə komandaya əlindən gələn köməyi etmişdir. T. Abbasovun vurduğu qollardan biri stajlı azarkeşlərin yaddaşından hələ də silinməyib. Hərçənd həmin gündən artıq 47 il ötür. 

16 aprel 1977-ci il. 40-cı SSRİ çempionatı. “Neftçi”nin Leninqradın “Zenit” komandası ilə görüşünü izləmək üçün Respublika stadionunun tribunalarına 28 min azarkeş toplaşmışdır. Bu, həmin mövsümün startında bakılıların öz meydanlarında keçirdikləri ardıcıl üçüncü oyundur. İlk iki matçda Moskvanın “Dinamo” və OMİK komandaları ilə heç-heçə oynayan (müvafiq surətdə 0:0 və 1:1) “Neftçi” daha bir iddialı rəqibi qəbul edir.

Tamaşaçılar bütün 90 dəqiqə ərzində qarşılıqlı hücumlar şəraitində davam edən oyundan sonra sevimli komandanı meydandan alqışlarla yola saldılar. Onlar qollarla zəngin mübarizənin şahidi olmuşdular. Başlıcası isə, futbolumuzun flaqmanı Neva sahillərindən olan qonağına 3:2 hesabı ilə qalib gələrək, həmin çempionatda respublikaya ilk qələbə sevinci yaşatmışdı.

Görüşün taleyi moskvalı hakim  A.Kadetovun final işarəsinə iki dəqiqə qalmış həll olundu. Buna qədər hesab 2:2 idi. “Neftçi”dən Nikolay Smolnikov və Füzuli Cavadov fərqlənmişdilər. Bakılıların son hücumlarından birində isə həlledici sözü Abbasov dedi. Tofiq qonaqların cərimə meydançasında topa özünü hamıdan tez çatdırıb, dəqiq zərbə ilə qələbəmizi təmin etdi. Əlbəttə ki, həmin an futbolçularımızın da, onların pərəstişkarlarının da sevinci yerə-göyə sığmırdı.

Nəticədə dörd illik fasilədən sonra yenidən sovet futbolunun “yüksək cəmiyyətində” öz yerini tutan “Neftçi” güclülər dəstəsinə qayıtmasının təsadüfi olmadığını inamla sübuta yetirdi.

Tofiq Abbasovun həlledici qolun müəllifi olduğu görüşdə statistikanın köməyi ilə komandamızın tam heyətini də xatırlayaq: Yuri Romenski, Rafiq Quliyev (Rəşid Özbəyov, 46), Bəxtiyar Qulamov, Arif  Orucov, Asəf Namazov, Tofiq Abbasov, Füzuli Cavadov, Əli Rəhmanov (Asif Əliyev, 48), Anatoli Banişevski, Səməd Qurbanov, Nikolay Smolnikov.

Bu futbolçuların hər biri hər oyunda “Neftçi” adına layiq olmaq üçün bütün  qüvvəsini gərgin mübarizə meydanında qoymağa hazır idi. 

Diqqətinizə çatdırdığımız foto təxminən yarım əsr əvvəl lentə alınmışdır.  T.Abbasov yüksəkdən ötürülən top uğrunda mübarizədə rəqib komandanın iki müdafiəçisini qabaqlamağı bacarmışdır. 

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

 

Chosen
24
xalqqazeti.az

1Sources