Ölkəmizdə son illərdə əhali arasında, xüsusən də gənc nəslin media savadlılığının artırılması istiqamətində müəyyən addımlar atılır. Lakin hələ “media savadlılığı”nın nə olduğunu bilməyən vətəndaşlar da var.
“Media haqqında” Qanuna əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir.
Müasir media məkanında “informasiya bolluğu” olan bu dövrdə hər bir istifadəçi gündəlik olaraq bir çox suallarla qarşılaşır, bu şəraitdə düzgün, dəqiq, qərəzsiz məlumatlar əsasında qərar vermək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlı olmağa xüsusi ehtiyac var.
Media savadlılığı, ümumilikdə, geniş yayılmış media məhsullarına tənqidi yanaşma kimi başa düşülür. Media məhsullarının istehsalında istifadə edilən metodlar, texnologiyalar və subyektlərin, eləcə də verilən ismarıcların təhlili və bu təhlildə fərdi xüsusiyətlərin rolunu anlamaq da bu anlayışa daxildir. Sürətlə qloballaşan və interaktivliyin çox olduğu dünyada media təhsili düzgün cavablara malik olmaqla yanaşı düzgün suallar verməklə də bağlıdır. Hazırkı dövrdə bir çox ölkələrdə media və informasiya savadlılığı təməl insan hüquqları və dayanıqlı inkişaf anlayışları ilə demək olar ki, eyniləşdirilir.
Mövzu ilə ələaqədar Avtosfer.az-a müsahibəsində BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova deyib ki, media məhsulu hədəf kütlənin gerçəkliyə münasibətini formalaşdırır, hətta davranışlarımıza belə təsir göstərir:
“Media savadlılığı hər gün qəbul etdiyimiz yenilikləri təhlil etməyə, təqdim edilən faktları araşdırıb dəqiq nəticəyə varmağımıza və nəhayət hər bir istifadəçinin də yeni media kontenti yaratmasına kömək edir. İctimaiyyət arası kəsilməyən məlumatın qəbulunda, emalında və ötürülməsində maraqlıdır.Bəs media təhsili olmayan təcrübəsiz istifadəçi bu halda üzərinə yağan aramsız informasiya selində özünə lazım olan məlumatı axtarıb tapmaqda nə dərəcədə çətinlik çəkir?
Bir çox hallarda məlumatın doğruluğu yoxlanılmadan, qaynağın güvənli olub-olmadığı araşdırılmadan xəbər tirajlanır və nəticədə doğruluğu təsdiqini tapmayan kontentlər yaranır. Bu səb əbdən də yeniyetmə və gənclərin mediadan düzgün istifadəsini təmin etmək çox önəmlidir. Buna görə də onların mediadan faydalanarkən doğru resursu, dəqiq vərdişləri formalaşdırması üçün çox böyük ehtiyac var. Media savadlılığı olan, media təhsili alan bir fərd hansı bacarıqlara sahib olacaq? Əvvəla onu qeyd edim ki, media savadlılığına malik olan gənc saysız-hesabsız qaynaqlrın olduğu media məkanında doğru istiqaməti seçə biləcək. İkincisi, trollinq, manipulyasiya və “fake” xəbərlərə qarşı mübarizə aparmaq qabiliyyəti qazanacaq. Üçüncüsü, axtarış saytlarında sorğuları doğru yönəldib özünə lazım olan informasiyan filtrdən keçirməyi bacaracaq. Nəhayət özüq də media kontentini yaradıb yayımlaya biləcək”.
Xatirə Hüseynova sonda onu da qeyd edib ki, bütün vurğulanan nüansları nəzərə aldıqda, media savadlılığının tədrisi önəmlidir və gənclərin, yeniyetmələrin media savadlılığına sahib olması informasiya manipulyasiyasının qarşısının alınmasında bir növ silah rolu oynayır.
https://medialiteracy.media.gov.az/
Səfər