EN

Lənkəran məktəblilərinin ilk radiosu FOTO

Lənkəran, 18 dekabr, İlkin Adıyev, AZƏRTAC

Artıq iki ildir ki, Lənkəranın Yuxarı Nüvədi kənd M.H.Mirzəcanov adına tam orta məktəbdə radio qovşağı fəaliyyət göstərir. Bu radioda şagirdlər üçün maraqlı və faydalı məlumatlar səsləndirilir.

AZƏRTAC-ın bölgə müxbiri sözügedən məktəbdə olub.

Radio qovşağı keçən ilin oktyabrından fəaliyyətə başlayıb. Radionun yaradılması məktəb daxilində şagirdlərin yaradıcılıq potensialını artırmaq və onların məktəb həyatında daha fəal olmalarını təmin etmək məqsədi daşıyır.

Radio yayımına ilk dəfə həftədə bir dəfə olmaqla başlanılsa da, sonradan şagirdlərin böyük marağı və təşəbbüsü nəticəsində yayımlar gündəlik həyata keçirilməyə başlanıb. Bu radio yalnız məlumat ötürmək üçün deyil, həm də şagirdlərin özlərini ifadə etmələri, yaradıcı qabiliyyətlərini inkişaf etdirmələri və məktəb mühitində aktiv rol almaları üçün əhəmiyyətli platformaya çevrilib.

Hər gün radio verilişləri təxminən 10 dəqiqə davam edir. Yayım zamanı həm gündəmin əsas xəbərləri, həm də ölkəmizdə və xaricdə baş verən mühüm hadisələr müzakirə olunur. Bununla yanaşı, dərs zəngləri arasında musiqilər və müxtəlif maraqlı məlumatlar təqdim edilir ki, bu da şagirdlərin vətənpərvər ruhda böyüməsinə töhfə verir.

Yayımın məzmunu məktəbin uşaq birliyi təşkilatının rəhbərliyi ilə müzakirə edilərək hazırlanır. Xəbərlər, mövzular və proqramlar hər bir şagirdin yaş kateqoriyası nəzərə alınmaqla təqdim edilir. Yayım öncəsi seçilən mövzular ətrafında müzakirələr aparılır, daha sonra isə mikrofonlar, səs avadanlıqları və digər texniki vasitələr hazır vəziyyətə gətirilərək yayıma başlanılır.

Məktəbin direktoru Ramiz Ramazanovun fikrincə, radio layihəsinin əsas məqsədlərindən biri zəif oxuyan və təhsilə az maraq göstərən şagirdləri motivasiya etməkdir. Bu vasitə ilə həmin şagirdlər daha fəal şəkildə təhsilə qoşulur və öz bacarıqlarını inkişaf etdirirlər: “Məktəbimizdə fəaliyyət göstərən radio təhsil və təlimdə geri qalan şagirdləri həvəsləndirmək, onların məktəb daxilində daha fəal və motivasiyalı olmalarına dəstək göstərmək məqsədi daşıyır. Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbərliyinin dəstəyi ilə bu təşəbbüsü reallaşdıra bildik. Məktəb radiosunun səs avadanlıqları ilə təmin olunmasında onların göstərdikləri yardımı yüksək qiymətləndirirəm və buradan hər birinə dərin təşəkkürümü bildirirəm.

Radio yalnız məktəbimizin nümunəvi fəaliyyətlərini işıqlandırmaqla kifayətlənmir, eyni zamanda təhsil və təlimdə zəif nəticə göstərən şagirdləri də cəlb edərək onların ictimai fəallığını artırır. Bu yanaşma şagirdlərimizin təhsilə marağını artırmaqla yanaşı, onların özünəinam hissinin formalaşmasına da böyük töhfə verir”.

O, məktəb radiosu kimi təşəbbüslərin digər təhsil müəssisələrində də tətbiqinin ümumi təhsil səviyyəsinin yüksəlməsinə və şagirdlərin motivasiyasının artmasına əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.

Radio yayımları məktəbin sosial media hesabları vasitəsilə də həyata keçirilir ki, bu da məlumatların daha çox insan tərəfindən izlənməsinə şərait yaradır.

Bu radio layihəsi həm tədris prosesinə, həm də şagirdlərin ümumi inkişafına müsbət təsir göstərir. Məktəb rəhbərliyi gələcəkdə layihəni genişləndirmək və daha çox şagirdin iştirakını təmin etmək niyyətindədir.

 

Chosen
18
1
azertag.az

2Sources