EN

Bölgələrdə həkim niyə çatışmır? (AÇIQLAMA)

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bölgələrdə həkim çatışmazlığı olduğunu açıqlayıb. Araz Nəsirov bildirib ki, bu, hazırda  səhiyyə sisteminin böyük problemlərindən biridir: "Həkimlərimizin 60-70%-i paytaxtda cəmləşib. Regionlarda həkim  çatışmazlığı yaşanır". 

Bəs, həkimlərin rayon xəstəxanalarında işləməməsinin səbəbləri nədir? 

Tibbi ekspert Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu problemin kökündə bir neçə faktor var:

"Həkimlərin yaşayış yeri Bakıdadır, evləri, uşaqları burada təhsil alır. Onların heç biri komfortunu pozmaq istəmir. Onun rayona getməsi üçün orada yaşayış yeri olmalıdır. Uşaqlarını orada məktəbə yerləşdirməlidir. Bakıdakı təhsilin səviyyəsi ilə bölgələrdəki təhsilin səviyyəsi eyni deyil. İkincisi, rayonlarla müqayisədə Bakının inkişaf dərəcəsi fərqlidir. Kimsə burada uşağını sirkə, teatra və əyləncə məkanlarına aparır və s. Digər tərəfdən, maddiyyat da önəmlidir. Bakıda yaşayır, fikirləşir ki, oturmuşam evimin içində və həmin pulu alıram. Niyə öz komfortumu pozmalıyam".
 


Aydın Əliyev qeyd edib ki, həkimləri bölgələrə cəlb etmək üçün mütləq şəkildə maddiyyat stimullaşdırılmalıdır:
 
"Bölgələrdə həkimlərin məvacibi daha yüksək olmalıdır, ya bonus əlavələri verilməlidir. Bundan əlavə, onlar yaşayış üçün evlə təmin olunmalıdır. Həm də eyni zamanda xidməti avtomobil də verilə bilər. Bunlar stimullaşdırıcı addımlardır. Yəni, Bakıdan daha avantajlı durum təklif edilməlidir. Yəni, həkim onun üçün öz komfortunu pozmağa razı olmalıdır. Reallıq bundan ibarətdir. Həqiqəti danışmalıyıq ki, inkişaf edək". 

Aydın Əliyev rayonlarda həmçinin internet və işıq problemi olduğunu da xatırladıb:
 
"İstilik problemləri də var. Bunlar həkimlərin rayonlara gedib işləməsinə mane olur. Düzdür, fədəkar həkimlərimiz də var, bütün çətinliklərə rəğmən addımlar atır, bu təqdirəlayiq məsələdir. Amma rayonlarda işləmək istəməyən həkimləri məcbur edə bilmərik. İndi o zəmanə deyil, rəqabətdir. Həkim istər burada, istərsə də orada şəraitə baxıb seçim edir". 

Aydın Əliyev təklif edib ki, rayonlarda şəraiti yüksəltmək lazımdır:

"Bu olsa, həkimlər rayonlarda işləməyə can atanların sayı çoxalacaq. Çıxış yolu ancaq budur". 

Bahar Rüstəmli

Chosen
18
qaynarinfo.az

1Sources