EN

“Xalqlarımızın mənafeyinə xidmət edən ideyaların həyata keçirilməsinə çalışırıq” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bakıda Qətər Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin Dövlət himnlərinin səsləndirilib.

Qətərin Azərbaycandakı səfiri Məhəmməd Həməd Səad əl-Fuheyd əl-Haciri çıxış edərək, ölkəsinin rifah, çiçəklənmə və davamlı inkişafını hədəfləyən “Qətər 2030” Milli İdeyasından söz açıb. İkitərəfli münasibətlərə toxunan səfir bildirib ki, strateji tərəfdaşlıq - müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəklər. O, həmçinin COP29-da uğurlu ev sahibliyinə görə ölkəmizi təbrik edib.

“Xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət edən ideyaların həyata keçirilməsi uğrunda əzmlə çalışırıq. Qətərlə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və mədəni səviyyələrdə məsul şəxslərin və iş adamlarının müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri əməkdaşlıq tellərini möhkəmləndirməyə xidmət edir. Həmçinin COP29-a yüksək səviyyədə ev sahibliyi zamanı konfransın idarəetməsində parlaq müvəffəqiyyət qazanan Azərbaycan Respublikasına səmimi təbriklərimi çatdırıram”, - deyə diplomat qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan hökuməti adından çıxış edərək, müstəqillik dövründə ölkələrimizin birlikdə əhəmiyyətli uğurlara imza atmasından, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən, bir çox sahəni əhatə edən memorandum və anlaşmaların faydalı nəticələrindən bəhs edib.

“Ötən 30 il ərzində Azərbaycan-Qətər əlaqələri dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edib. Bu dövr ərzində Azərbaycan və Qətərin başçıları arasında səfər mübadilələri ikitərəfli əlaqələrin artmasına və daha da zənginləşdirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, 2021-ci ildən etibarən Azərbaycan və Qətər vətəndaşları vizasız rejimdən istifadə edir. İki paytaxt arasında hər həftə 12 birbaşa uçuş həyata keçirilir. Eyni zamanda, hər iki ölkədə müxtəlif məzmunlu tədbirlər keçirilir. Bu da qardaş xalqlarımız arasında bağlılığın möhkəmləndirilməsinə töhfə verir. Bundan əlavə, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində əhatəli tədbirlər həyata keçirir. Ölkələrimiz arasında 2017-ci ildə vəhşi təbiətin qorunması üzrə anlaşma memorandumu imzalanıb ki, bu gün də bu istiqamətdə birgə tədbirlər həyata keçirilir. Bu addımlar ölkələrimiz arasındakı uğurlu münasibətlərin yalnız bir neçə nümunəsidir”, - deyə nazir vurğulayıb.

Tədbir qeyri-rəsmi hissə ilə davam edib.

Chosen
10
hafta.az

1Sources