EN

Vinisius Junior: “Bəli, mən dünyanın ən yaxşı oyunçusuyam”

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior FIFA-dan ilin oyunçusu mükafatını qazanması ilə bağlı söhbət açıb.

Arena.az məlumat verir ki, “Vini” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:

“Veni, vidi, vici (Gəldim, gördüm, fəth etdim – məşhur latın deyimi, redaktorun qeydi).

Mən bu gün bunu, bir çox kumirlərinin bu qəniməti qaldırmasını izləyən o balaca uşağa yazıram. Onun vaxtı gəldi. Daha doğrusu, mənim bunu demək vaxtımdır: bəli, mən dünyanın ən yaxşı oyunçusuyam və bunun üçün çox mübarizə aparmışam.

Onlar məni aşağılamağa, dəyərsizləşdirməyə çalışdılar, elə, indi də çalışırlar. Amma onlar hazır deyillər. Heç kim mənə nə üçün mübarizə aparacağımı və necə davranacağımı deyə bilməz. Mən San-Qonsaluda yaşayanda sistem mənə tüpürmək istərdi. O az qala məni udmuşdu.

Mən özüm və ailəm naminə qalib gəldim. Bu yolda mənə “Flamenqo”, “Real”, Braziliya millisi, yüzlərlə komanda yoldaşım, gündəlik həyatımda məni müşayiət edən insanlar və mənə heyran olanlar dəstək oldular.

Dünyanın ən yaxşı oyunçusu”, – “Vini” dərc edib.

Xatırladaq ki, Vinisius Junior səsvermədə 48 xal toplayaraq, “France Football” tərəfindən “Qızıl top” mükafatını almış, İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüadafiəçisi Rodrini qabaqlayıb. Rodri öz nöbbəsində 43 xal toplayıb.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 20 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 284 oyun, 96 qol, 84 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Chosen
15
arena.az

1Sources