“Real”ın baş məşqçisi Karlo Ançelotti fransalı hücumçu Kilian Mbappenin Qitələrarası Kubokun finalında iştirakı ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kilian dünən məşq edib və özünü yaxşı hiss edirdi. Hər şey əla keçdi. Gəlin, bugünkü məşqdə onun vəziyyətinə baxaq. Biz bu xüsusda nikbinik”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, fransalı ulduz hücumçu dekabrın 10-da Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Atalanta” ilə səfər oyununda (3:2) zədələnib. Tibbi müayinələrin nəticəsinə əsasən, Mbappeyə sol ayağının omba nahiyəsində zədə diaqnozu qoyulub.
Qitələarası Kubokun final oyunun bu gün, dekabrın 18-də baş tutacaq. Həlledici oyunda “Real” Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:00-da başladacaq.