Suriyada Bəşər Əsədi devirərək faktiki hakimiyyət yiyələnmiş Təhrir əş - Şam qruplaşmasının lideri Əbu Məhəmməd Əl - Colani prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.
O, bunu “Al Araby” telekanalına müsahibəsində bildirib. Əl-Colani deyib ki, əgər vətəndaşlar və ya ətrafındakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyini irəli sürəcək. Üsyançı liderin bu açıqlaması ölkənin gələcək idarəetməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanın gələcək idarəetmə quruluşu ilə bağlı çoxsaylı müzakirələr aparılırdı. Təhrir əş - Şamın Dəməşqə girib Əsədi devirməsindən sonra çoxluq ölkədə İslam dövlətinin qurulacağını güman edirdi. Ancaq Əl - Colani tamamilə fərqli strategiya izlədi. Onun açıqlamasından görünür ki, Suriyanın dövlət quruluşunda çox da dəyişiklik olmayacaq. Ölkəni yenə prezident idarə edəcək. O, bu açıqlama ilə həm xarici, həm də daxili qüvvələrə mesaj verib. Colanin faktiki demək istədiyi onun rəhbərliyi altında dövlət idarəçilik sisteminin eynən davam edəcəyidir. Əsədə qarşı müxalifətdə parçalanma olduğu üçün xeyli sayda qüvvənin prezidentlik yarışına qatılacağı şübhə doğurmur. Colaniyə qarşı namizəd olacaq şəxslərin başında Türkiyə dəstəkli Azad Suriya ordusunun təşkil etdiyi müvvəqəti hökumətin rəhbəri Hadi Əl - Bəhra gəlir. Əl - Bəhra Əsəd hakimiyyəti dövründə ABŞ - da və Səudiyyə Ərəbistanıda biznes fəaliyyəti ilə məşğul olub. ABŞ - nin məşhur Kanzas Universitetinin məzunu olan Hadi Əl - Bəhra Cenevrədə Suriya müxalifəti adından Qərblə danışırlar aparıb, mühüm diplomatik görevler üstlənib. Səudiyyə Ərəbistanda bir neçə böyük xəstəxananın, ABŞ - də isə ticarət şirkətlərinə rəhbərlik etmiş Əl - Bəhranın hər iki ölkənin, həmçinin Türkiyənin dövlət rəhbərliyi ilə yaxın münasibətləri var. Hadi Əl - Bəhranı ümidləndirən əsas məsələ Əbu Məhəmməd Əl - Colanin Qərbin terrorçu siyahısında olmasıdır. Əgər yeni rejim qurulana qədər Colani bu siyahılardan çıxa bilməsə onun ölkənin birinci şəxsi olması məsələsi müşkülə çevriləcək. Suriya prezidentliyi üçün adı çəkilən daha bir iddiaçı isə Bəşər Əsədin sonuncu baş naziri Məhəmməd Qazi Əl - Cəlalidir. Əl - Cəlali hakimiyyətin dinc yolla təhvil verilməsini həyata keçirən şəxsdir. Onun hazırda əsas missiyası artıq fəaliyyətini dayandırmış BƏƏS Partiyasının üzvlərini bir araya toplamaq, həmçinin Rusiya və İrandan seçki ilə bağlı dəstək əldə etmək olacaq. Əsədin keçmiş tərəfdarlarının sivil formada toplanmasından həm yerli hökumət, həmdə Türkiyə və Qərb razıdır. Onların müxtəlif silahlı qruplara qoşulmağındansa nəzarət altında siyasi fəaliyyətlə məşğul olması daha sərfəlidir. Ancaq namizəd kim olur olsun, Əsəd rejimi dövründə hökumətdə təmsil edilmiş hansısa şəxsin Suriya rəhbəri seçilməsi çox da inandırıcı deyil. Hazırda ölkənin idarəetmə sisteminin qurulması istiqamətində müzakirələr gedir. Bu müzakirələrin gedişatı isə hakimiyyət uğrunda mübarizəni daha da gücləndirir. Beynəlxalq birliyin Colanini terrorçu siyahısından çıxarması bu mübarizədən onun qalib tərəf kimi ayrılmasına yardım edəcək. Bunun üçün də Təhrir əş - Şam Qərb ölkələri ilə açıq və gizli formada danışırlar aparır, müxtəlif şirnikləndirici açıqlamalar verirlər.
Zeynal Əmrəliyev
visiontv.az