EN

Millət vəkili təxribatçıları ifşa etdi

Bəzi Qərb dairələrinin  Azərbaycana qarşı yürütdükləri qərəzli, təxribatçı mövqe, heç bir əsası olmayan qarayaxma cəhdləri təəssüf ki, davam etməkdədir.  Belə ki, bu səfər İsveçrə parlamentinin aşağı palatası Azərbaycan əleyhinə böhtanlarla dolu bir  qətnamə  qəbul edərək,  yeni uğursuz ideyaların əks olunduğu “sülh forumunun çağırılması”na səs veriblər. 

Bu fakt bir daha onu göstərir ki, bu sərsəm “sənəd”ə səs verənlər Azərbaycan əleyhinə kampaniya aparan  qərb  siyasətçiləri və diplomatları ilə birlikdə hərəkət edirlər.

Maraqlıdır ki, qətnaməni dəstəkləyən deputatlar, ermənilərin qayıdışının vacibliyini qabardır, amma nədənsə  Qərbi azərbaycanlıların öz tarixi  torpaqlarına qayıtmasının zəruriliyini  “unudur”,  beləliklə də bir daha dünyaya ixrac etməyə çalışdıqları “demokratiya” və “insan hüquqları”nın nın əsil mahiyyətini ortaya qoyurlar. Açıq-aydın görünür ki, qətnamə müəllifləri  Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulublar. Qətnamədə, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad edilməsi, onların etnik və dini təəssübkeşliyin girovuna çevrildiyini bir daha təsdiqləyir.

Məsələlərin əsil  mahiyyətinə varmadan, oturduqları yerdən öz irqçi mühakimələri ilə  son zamanlar üzü Zəngəzur dağlarına binoklla baxmağı gündəlik məşğuliyyətlərinə çevirən  Avropa dairələri və onların əlində alət olanlar bir başa  Azərbaycanın suverenliyinə qəsd edirlər. Bilsinlər ki, suveren və müstəqil bir ölkəyə qarşı irəli sürdükləri qondarma təşəbbüslər,  ölkənin daxili işlərinə müdaxilələr, onların guya  ədalətə və demokratiyaya əsaslanan  prinsiplərini kökündən şübhə altına salır.

Jalə Əliyeva,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini,
filologiya elmləri doktoru, professor

Chosen
15
xalq.az

1Sources