EN

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

AzNews.az müsahibəni təqdim edir:

- Cənab Prezident, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verməyə razı olduğunuza görə Sizə ürəkdən təşəkkür edirəm. 2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?

- Bəli, Siz tamamilə haqlısınız. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.

Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərinin sayının artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.

- Bununla belə, Rusiya üçün indi müharibə dövrüdür. NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq. Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?

- Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.

- Rusiyada bu müharibə Ukrayna ilə müharibə kimi deyil, dünyanın yenidən qurulması uğrunda Ukrayna ərazisində Qərblə sivilizasiya döyüşü kimi qəbul edilir, çünki istənilən sülh müharibənin nəticəsidir və əlbəttə, Azərbaycan bunu çox gözəl bilir. Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?

- Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

- Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə?

- Bəli, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm.

- Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?

- Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

- Amma bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs o, niyə bağlanmır? Sözün əsl mənasında hazır vəziyyətdə dayanmışdılar.

- Bəli. Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda...

- Əgər dəqiqləşdirsək, hansı maddələrdir?

- Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...

- Məhz müşahidəçilərin…

- Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.

Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq.

- Qarabağda nə qədərsə erməni qalıbmı? İndi orada vəziyyət necədir?

- Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır. Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib. Məsələ məhz bundan ibarətdir. Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

- Artıq Ermənistana?

- Artıq Ermənistana. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.

- Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi? Bu barədə danışardınız.

- Bəli, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. O, bu yaxınlarda bizi ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Beləliklə, biz bu cür diqqətə görə çox minnətdarıq. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə, indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var. Buna görə biz...

- Siz bunu alqışlayardınızmı?

- Bəli, sözsüz. Biz bunu alqışlayardıq və alqışlayırıq. Həm də kömək göstərilməsi planında, Həştərxan vilayətinin etdiyi kimi, sadəcə layihələrdə iştirak etmək baxımından. İnvestisiya layihələri var. Yeri gəlmişkən, ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və mənim tərəfimdən açılmış “KamAZ” xidmət mərkəzidir. Yeri gəlmişkən, bu gün mənim də Tatarıstan rəhbəri ilə görüşüm olacaq. Tatarıstan nümayəndə heyəti Bakıdadır. Yəni, bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq.

- Çox xoşdur. Azərbaycana atom elektrik stansiyası lazımdırmı?

- Mən bizim energetika gündəliyini sanki bir az açıqlayardım ki, tamaşaçılara bizim harada olduğumuz və nə etdiyimiz aydın olsun. Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək. Yəni, bu, sizin bizə AES-in lazım olması ilə sualınıza cavabın bir hissəsidir. İndi başqa məsələyə keçirəm, zənnimcə, bu, maraqlı olardı. Birincisi, iqtisadiyyatın daha bir sektoru nöqteyi-nəzərindən.

- Bu, bütövlükdə bir sahədir.

- Əlbəttə. Bu sahə potensial kadrlar deməkdir, bu, bizim heç vaxt malik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istəmirik. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlərlə kiçik reaktorların imkanları öyrənilsin ki, bunun məhz bu nöqteyi-nəzərdən bizə nə verəcəyini görə bilək.

Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazım olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, “hə” və ya “yox” demək deyil. Bu, daha çox “hə”dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır.

- Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə ev sahibliyi etdi. Hansı çətinliklərlə üzləşməli oldunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?

- Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

- Otuz?

-Bəli. Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Chosen
10
48
aznews.az

10Sources