EN

Səkinə Babayeva: “Almaniya Azərbaycandan tibbi maska almaqda maraqlıdır”

Payız-qış mövsümünün gəlməsi infeksion xəstəliklər üçün münbit şərait yaradır. Daha çox qapalı məkanlarda vaxt keçirməyimiz mövsümi xəstəliklərə tez yoluxmağımıza gətirib çıxarır. Bu isə xəstəliklərdən qorunmanı zəruri edir. Bu səbəbdən də, koronavirusun da həyatımızdan çıxmadığını nəzərə alsaq, tibbi maskalara tələbat yüksək olaraq qalır. Virusun təkrar baş qaldırmasından ehtiyat edən ölkələr tibbi maska ehtiyatlarını artırmağa çalışırlar. Elə bu səbəbdən də Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. Belə ki, maska istehsalına stimul vermək üçün 2027-ci ilin sonuna kimi bu məhsulun hazırlanması üçün lazım olan xammalın idxalı gömrük rüsumlarından azad edilib. Bu, yerli sahibkarlara ucuz və keyfiyyətli tibbi maska istehsal etmək üçün stimul yaradır.

Ölkəmizdə yetərincə maska ehtiyatı var

Tibbi maskalar istehsal edən Bakı Tekstil Fabrikinin (BTF) direktoru Səkinə Babayevanın sözlərinə görə, avadanlıqları Türkiyə, Almaniya və Cənubi Koreyada istehsal olunmuş müəssisənin illik istehsal gücü 12-15 milyon ədəd civarındadır. Tələb olunan sayda maska hazırlanması üçün BTF-də bütün xammal və texnika mövcuddur. Bir maskanın hazırlanması 12 qəpiyə başa gəlir. Hazırda ölkəmizdə 10 milyona yaxın maska ehtiyatı var. Bir sözlə, ölkəmizdə əhalinin narahatlığına heç bir əsas yoxdur, hazır maska ehtiyatı tələbi tam qarşılaya bilər.

Güzəştlər əlavə xammal almağa imkan verəcək

S.Babayeva hesab edir ki, məhsulun xammalının gömrük rüsumlarından azad olunması onların fəaliyyətinə müsbət təsir göstərəcək. Bu, xaricdən daha çox xammal idxal etməyə imkan verəcək ki, nəticədə məhsul istehsalını artırmaq mümkün olacaq. Hazırda xammal materialları Türkiyədən alınır və 50 tona yaxın xammal alınması üçün müqavilə də bağlanılıb.

Logistika xərclərinin artması xammal bazarına təsir edir

Həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə cərəyan edən proseslər, istər-istəməz, logistika xərclərini artırır. Amma BTF xammalı Türkiyədən idxal etdiyi üçün ciddi artımla qarşılaşmayıb. Direktor Avropa və digər ölkələrdən idxal olunan texniki avadanlıqların qiymətində də cüzi artım olduğunu deyir.

Azərbaycan maskaları xaricə də ixrac olunacaq

Ölkəmizdə istehsal olunan maskaların dünya bazarında ilk ünvanı Almaniya olacaq. Artıq BTF bununla bağlı təkliflər alıb. Almaniya ilkin mərhələdə Azərbaycandan 20 milyon ədəd maska tədarük etməkdə maraqlıdır. S.Babayevanın sözlərinə əsasən, ölkədə maska ehtiyatı tam formalaşdırıldığından, ixrac ediləcək məhsullar müəssisəyə əlavə dividendlər qazandıra bilər.

Faiq KƏRİMOĞLU

Chosen
19
vergiler.az

1Sources