EN

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdə keçirir

Pekin, 18 dekabr, AZƏRTAC

Cənubi Koreya Donald Trampın növbəti prezidentliyi dövründə ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yol Seulda mətbuat konfransında bildirib.

“Biz ABŞ-ın yeni administrasiyası vəzifəyə başlamazdan əvvəl planlar və yol xəritələri hazırlayacağıq”, - deyən nazir əlavə edib ki, bu addımlar rəsmi Seulun Birləşmiş Ştatların Şimali Koreya ilə mümkün danışıqlarına hazırlaşmağına kömək edəcək.

Qeyd edək ki, Donald Tramp birinci prezidentliyi dövründə Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoq qurmağa nail olub. Belə ki, Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə 3 dəfə görüşüb. Bu görüşlər Şimali və Cənubi Koreya sərhədindəki bufer zonada, Sinqapurda və Vyetnamda baş tutub. Ekspertlər həmin görüşlərdə Şimali Koreyanın nüvə-raket proqramının dayandırılmasına dair nəticə əldə olunmasa da, bir-birini düşmən hesab edən iki ölkənin liderinin dialoqunun reallaşmasını müsbət addım kimi qiymətləndirir.

Donald Tramp ABŞ-ın “Time” jurnalına bu yaxınlarda verdiyi müsahibəsində Şimali Koreya lideri Kim Çen In ilə çox yaxşı münasibət qurduğunu bir daha vurğulayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
9
3
azertag.az

4Sources